Naqif Həmzəyev: Karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır

3 İyun 2020 11:29

"Bu gün müasir dünyamızın Covid-19 pandemiyası ilə var gücü ilə mübarizə apardığı çətin sınaq dövründə Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı, özünün gücü hesabına gözəgörünməz "düşmən"in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq oldu. Koronavirus pandemiyasının sərhədləri aşıb keçdiyi ilk gündən insanların sağlamlığı, onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələyə çevrildi.

Ölkə Prezidenti İlham Əliyevinn uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Ardınca da karantin rejimində müəyyən yumşaldılmalarn həyata keçirildi. Lakin bu, heç bir haldan rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir.

Millət vəkili dünya təcrübəsinə istinad edərək, koronavirusun yenidən özünübüruzə verən pandemiya olduğunu bir daha xatırladıb. Deputat deyib ki, əgər mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər: "Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təssüf hissi doğurur".

Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır. Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Milli.Az