Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov

2 İyun 2020 15:53

"Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib: "Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Burada bildiyiniz kimi, gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir".

Nazir qeyd edib ki, "Azəristiliktəchizat" ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat" ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır".

Milli.Az