Bakıda işçi mağazada qətlə yetirildi, 40 min manat oğurlandı

1 İyun 2020 13:15

İyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az