BMW X2 modeli qoşulan hibrid modifikasiyanı əldə edib - FOTO

4 İyun 2020 23:58

BMW şirkətinin bu günki təqdimatları yenilənmiş 5 Series və 6 Series GT modelləri ilə məhdudlaşmır. Alman istehsalçısı yığcam krossoverin X2 xDrive25 qoşulan hibrid versiyasını nümayiş etdirib. Üstəlik, krossover cüzi eksteryer və interyer dəyişikliklərinə məruz qalıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW X2 xDrive25e modeli ön oxu hərəkətə gətirən, 125 at qüvvəsi və 220 Nm fırlanma anı hasil edən 1,5-litrlik TwinTurbo mühərriki və 6-pilləli Steptronic qutusu ilə təchiz edilir. 95 at qüvvəsi və 165 Nm fırlanma anı hasil edən elektrik mühərriki isə arxa oxu hərəkətə gətirir. Hibrid qurğunun ümumi hasilatı 220 at qüvvəsi və 385 Nm-dir. Hibrid krossover 100 km/saat həddini 6,9 saniyəyə toplayır və 195 km/saatlıq maksimal sürət həddinə malikdir. Sırf elektrik ötürməsi ilə krossover 135 km/saata qədər sürətlənə bilər. Hibrid krossover qarışıq rejimdə 100 kilometrə 1,7-1,9 litr arasında yanacaq işlədəcəkdir.

10 kiovat-saatlıq batareya elektrik ötürməsi ilə 53 kilometr (WLTP) məsafə qət etməyə imkan verir. Batareyanın BMW i Wallbox divar qurğusundan 3,2 saata, adi. Məişət şəbəkəsindən isə 5 saata doldurmaq mümkündür.

Hərəkət elektronikası üç rejimə malikdir: Auto eDrive, Max eDrive və Save Battery. Adlarından da göründüyü kimi, birinci rejim güc qurğularının fəaliyyətini optimallaşdırır, ikinci rejim - maksimal gücü təmin edir, üçüncü isə batareyanın cərəyanını qorumağa xidmət edir.

Hibrid krossover duman əleyhinə fənərlərdən məhrum olub, bamperlərin yenilənmiş tərtibatına və Phytonic Blue Metallic kuzov rəngini əldə edib. Aerodinamik müqaviməti azaltmaq məqsədi ilə krossoverin klirensi 10 millimetr azaldılıb. Salondakı dəyişikliklər cüzi xarakter daşıyır - multimedia sisteminin ekranı daha iri olub, klimat-kontrol və audiosistemin tərtibatları yenilənibdir.

Hibrid krossoverin Avropadakı satışlarına cari ilin iyul ayında başlanacaqdır. Modelin qiyməti 47.250 avrodan başlayır.

Milli.Az