"Uşaq vaxtı hər gün topla bir pəncərə sındırırdım" - Keçmişdəki mən - FOTO

29 May 2020 23:45

Səmədağa Şıxlarov: "Hər gün dərsə ağ köynək və qalstukla gedirdik, sinfə çatana qədər isə bütün paltarlarımız çirklənirdi"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlıqdan futbola maraq göstərib. Bütün günü məhəllədə top qovar, qonum-qonşunun pəncərəsini sındırarmış. Futbola olan bu sevgisi sonrakı həyatında qırmızı xətt olur. Bütün həyatını futbola qurban verdiyini söyləsə də, buna görə peşman deyil. Müsahibim Azərbaycanın tanınmış futbolçusu, "Neftçi"nin sabiq üzvü Səmədağa Şıxlarovdur. Onunla söhbətimizdə keçmiş futbolçunun uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik.
 
1955-ci ildə Salyan rayonun Xıllı kəndində doğulan Səmədağa Şıxlarov deyir ki, iki yaşı olanda ailəsi ilə birgə Əli Bayramlı (indiki Şirvan) şəhərinə köçüb, 17 yaşına kimi orada yaşayıb: "Ailədə dörd uşaq - iki bacı, iki qardaş olmuşuq. Atam çilingər, anam evdar qadın idi. Dəcəl uşaq olmuşam. Uşaqlıq illərim məhəllədə top qovmaqla keçib. Çox vaxt topla qonşuların pəncərəsini sındırırdım. Demək olar ki, hər gün bir pəncərə sındırırdım. Hərdən başqa uşaqlar kiminsə pəncərəsini sındıranda da deyirdilər ki, yenə Səməd pəncərəmizi sındırıb. Yay tətilində İsmayıllının Talıstan kəndində düşərgəyə gedirdim".

Güləş, boks, yüngül atletika, sambo
 
Həmsöhbətim o illərdən yadında qalan maraqlı xatirəsini də bizimlə bölüşdü: "Qonşuluqda Mişa adlı oğlan yaşayırdı. Mənim ən yaxın dostum idi. İndi Rostovda yaşayır. Hər il yay aylarında piyada Şirvandan "Təzə şəhər" adlı qəsəbəyə çimərliyə gedirdik. İşıq dirəkləri arasındakı məsafə ölçü vahidimiz idi. Növbəli şəkildə bir-birimizi belimizə mindirir, yol boyu əylənirdik. O illərdə yüngül atletika üzrə yarış keçirilirdi. İki kilometrlik qaçış məsafəsi təyin edilmişdi və qalibə kubok veriləcəkdi. Mən də yarışa qatıldım və ikinci yerə çıxdım. Amma sonradan etiraf etdim ki, yolun yarısını maşınla gəlmişəm. Utandığımdan bunu etiraf etmişdim".
 
Həmsöhbətim deyir ki, məktəbdə dərslərini o qədər də yaxşı oxumayıb: "Düzü, oxumağa o qədər də meylli biri olmamışam. Kimya, coğrafiya dərslərini yaxşı oxuyurdum. Mənim üçün futbol hər şeydən əvvəldə gəlirdi. Bizdə dərslər iki növbəli idi. Nahardan sonra futbol oynamağa gedirdik. Hər gün dərsə ağ köynək və qalstukla gedirdik, sinfə çatana qədər isə bütün paltarlarımız çirklənirdi. Buna görə müəllimlər bizi danlayır, bəzən hətta sinfə buraxmırdılar. Məktəbdə oxuyanda idmanın bir çox növü ilə məşğul idim. Boyum balaca olduğuna görə çox vaxt basketbol, voleybol oynayırdım ki, boyum uzansın. Atam uzunboylu olduğuna görə deyirdilər ki, mən də ona oxşayacam. Amma təəssüf ki, boyum istədiyim səviyyəyə qədər uzanmadı. Güləş, boks, yüngül atletika, sambo ilə də məşğul olurdum".

"Onun sözləri mənə həyat dərsi oldu"
 
Müsahibimizin ali məktəbə qəbul üçün ilk cəhdi uğursuz alınır: "1973-cü ildə sənədlərimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) verdim. Beş idman növü üzrə imtahanları uğurla versəm də, fizikadan kəsildim. Beləcə, Şirvana qayıdıb atamın yanında işləməyə başladım. Atam avtoçilingər idi. Bir müddət onun yanında işlədikdən sonra Bakıya qayıtdım. "Neftçi"nin hazırlıq qrupunda oynamaqla yanaşı, 8-ci kilometrdə yerləşən Yeni Bakı Neft Emalı (NBNZ) Zavodunda işləyirdim. Nahara qədər orada işləyir, nahardan sonra isə Tofiq Bəhramov adına Respublika Stadionunda məşq edirdim. O dövrdə "8-ci kilometr"də yataqxanada yaşayırdım. Məşqdən sonra yataqxanaya qayıdırdım. Yataqxanadakı yoldaşlarım yolumu gözləyirdilər ki, topu gətirim futbol oynayaq. Yataqxananın həyətində meydança yox idi deyə, daşın üstündə oynayırdıq. Çox vaxt yıxılır, əzilirdik. İşlə yanaşı, futbola vaxt ayırmaq çox çətin idi. Beləcə 6 ay davam etdi. Neftayırma zavodundan ayrılıb Respublika stadionunda işə düzəldim. Vəzifəm isə meydançanı sulamaq idi. Orada işləmək mənə sərf edirdi. Suyu açırdım ki, meydança sulansın, özüm isə bütün günü futbol oynayırdım. Axşamlar da məşqə gedirdim".
 
S.Şıxlarov deyir ki, futbolda tək meydançada deyil, ondan kənarda da çox maraqlı hadisələr baş verir. Müsahibim maraqlı həmin xatirələrindən birini bizimlə bölüşdü: "Bizi çox vaxt gecə yarısı evə buraxırdılar. 1979-cu ildə oyunların birində 2:0 hesabı ilə məğlub olmuşduq. Oyunda rəqib komandanın üzvü mənim ayağıma  zərbə endirdi. Yıxıldım və qalxan kimi onun üzünə astaca vurdum. O yalandan yıxıldı və simulyasiya etdi. Hakim mənə sarı vərəqə göstərdi. Oyundan sonra Əhməd Ələsgərov mənə yaxınlaşdı və dedi ki, "çalış, həmişə meydançada rəqibə qarşı centlmen kimi davran. Onun bu sözləri hələ də yadımdadır və mənə həyat dərsi oldu".
 
Müsahibimiz deyir ki, məktəb vaxtı ingilis dilini öyrənmədiyi üçün peşmandır: "1974-cü ildə İrana səfər etdik. Şah Məhəmməd Pəhləvinin dövrü idi. Bu, mənim İrana birinci səfərim idi. O dövrdə İranda əhalinin çoxu ingilis dilində danışırdı. Orada olanda özümə söz verdim ki, qayıdandan sonra ingilis dilini öyrənəcəm. Amma buna müvəffəq ola bilmədim. Başa düşdüm ki, mənim bu sahədə istedadım yoxdur".

Bakıya qayıtmağı üstün tutdum
 
Həmsöhbətim ilk gəlirini belə xatırlayır: "İlk gəlirimi 17 yaşım olanda, Şirvanda atamın yanında fəhləlik edərkən qazanmışdım. Mənim pula ehtiyacım yox idi. Çünki ailəmlə birlikdə yaşayırdım. Ona görə də ilk gəlirimi ailəmə vermişdim. Sonralar Neftçidə oynayanda müstəqil gəlir qazanmağa başladım. Həmişə çalışırdım ki, evə atama-anama maddi dəstək göstərim, amma onlar bunu qəbul etmirdilər. Atam deyirdi ki, mən özüm işləyirəm və ailəni dolandıra bilirəm".
 
Səmədağa müəllim hərbi xidmətinin bir hissəsini Azərbaycanda, digər hissəsini isə Moskvada keçirib: "1980-ci ildə Lənkəranda hərbi xidmətə başladım. Mən tank alayında idim. 2 ay orada əsgərlik çəkdim. Orada bizə çox hörmət edirdilər. Adətən çətin işləri bizə vermirdilər. İki aydan sonra bizi çağırıb dedilər ki, sabah Moskvaya getməlisiniz. Bizi Moskvanın MOİK komandasına ezamiyyətə göndərdilər. İki ay orada olduq, sonra məni Kiyevin OİK komandasına göndərdilər. Komandada idik. Təlim-məşq toplantısında iştirak etdik. Xidmət etdiyim dövrdə mənə bir çox təkliflər gəlsə də, Bakıya qayıtmağı üstün tutdum. Çünki valideynlərim qocalmışdı".

"1985-ci ildə Neftçiyə yeni baş məşqçi təyin olundu. Komandadan 11 nəfəri göndərdilər. Mən Kiyevdə oynayanda komandanın rəisi demişdi ki, nə vaxt istəsən Çexoslovakiyaya gələ və orada komandada oynaya bilərsən. Mən də məcbur olub getdim və iki illik müqavilə əsasında orada oynadım" - deyə S.Şıxlarov bildirir.

"Söz verdim ki, yaxın illərdə futbolu buraxacam"
 
Deyir ki, bir qədər gec, 1984-cü ildə ailə həyatı qurub: "Həyat yoldaşım deyirdi ki, futboldan uzaqlaş. Evimiz stadiona yaxın idi. Azarkeşlər biz uduzduğumuz zaman müəyyən narahatlıqlar yaradırdı. Əslində, onun sözündə həqiqət var idi. Söz verdim ki, yaxın illərdə futbolu buraxacam. 1985-ci ildə oğlumuz dünyaya gəldi. Həmin il "Neftçi" komandasından azad edilmişdim. Xarkova getmək istəyirdim. Məni hədələdilər ki, əgər getsən, evini əlindən alıb, institutdan qovacağıq. O dövrdə Gəncədə Texnologiya İnstitutunda qiyabi təhsil alırdım. Məcbur olub Çexoslovakiyaya getməli oldum. 1994-cü ildə həyat yoldaşımla ayrıldım. Oğlumuzun 9 yaşı var idi. O, mənimlə qalmaq istəyirdi. Məktəbi də evimizin yaxınlığında idi. Mən o zamanlar futbol oynamırdım. Uşağa baxmaq mənim üçün çətin idi. Yoldaşım Almaniyaya getdi. Oğlumun tərbiyəsi ilə təkbaşına məşğul oldum. Bəzi işlərə anam da kömək edirdi. Heç vaxt oğlumun futbolçu olmasını istəmirdim. Amma nə vaxt işdən tez gəlsəm, onun həyətdə futbol oynadığını görürdüm. Özüm ingilis dilini öyrənə bilmədiyim üçün onun bu dili öyrənməsini istəyirdim. Həftədə üç gün ingilis dili dərsinə aparırdım. Sonradan gördüm ki, futbola marağı böyükdür. Onu məşqə aparmağa başladım. Daha sonra anası məktub yazdı və Almaniyaya çağırırdı. O dövrdə oğlum futbolla çox yaxın idi. Ayrılmaq çox çətin olsa da, razılıq verdim. Bu qərarın onun karyerasına müsbət təsir edəcəyini bilirdim. İndi orada məşqçi kimi fəaliyyət göstərir. Amma təəssüf ki, hələ də ailə qurmayıb. Azərbaycanlı bir xanımla ailə qurmaq istəyir. Mən də seçimlərinə hörmətlə yanaşır və müdaxilə etmirəm. Ona görə də hələ ki baba olmaq qismət olmayıb".

Müsahibim sonda gənclərə öz tövsiyəsini də verdi: "İndi dövr tamam dəyişib. İndiki gənclərlə bizim reallıqlarımız üst-üstə düşmür. Onlar bu həyatdan tamam fərqli şeylər istəyirlər. Əksəriyyəti bütün gününü telefon və kompüterlə hədər edir. Çox vaxt onları müşahidə edirəm. Çünki onların fikirləri mənə həmişə maraqlı gəlib. Təəssüf ki, bəziləri tamamilə yanlış düşüncələrlə formalaşır. Bəzi gənclərin geyim tərzi, davranış qaydaları heç xoşuma gəlmir. Təbii ki, bu, hamıya aid deyil. Tövsiyə edərdim ki, adətlərimizə əməl etsinlər. Böyük-kiçiyə hörmət lazımdır. Gənclik illərini boşa xərcləmək olmaz. Təhsilə önəm versinlər. Gənclər vətəni sevməli, ata-anaya hörmət etməlidir. Valideynlərimiz həyatda olduğu müddətdə onlara qiymət verməliyik. Çünki yaşlandıqca onlar daha kövrək olur".

Milli.Az