“Fəvvarələr meydanı”nda nəzarət gücləndirilib: əsgərlər və polislər dolaşır, amma... - REPORTAJ - FOTO

24 May 2020 15:26

Mən bu mənzərəyə 8 il qabaq İraqın Ərbil şəhərində küçələri gəzərkən şahid olmuşdum. Təsəvvür edin ki, küçə ilə dolaşırsan, insanlar rahatdırlar, hamı gəzintiyə çıxıb və birdən başını qaldırıb, yuxarı baxanda hansısa yarımçıq tikilinin üstündə, ya da yol kənarında əli silahlı əsgərlərin keşik çəkdiyini görürsən. 

Onlar iraqlıları terrordan, kamikadze hücumundan qoruyurdular və hamımızı mühafizə edirdilər. Bu, Ərbildə çox adi hal olsa da, mənim üçün qəribə idi. 

İndi Bakının "Fəvvarələr meydanı"na gəzməyə çıxanda da buna bənzər mənzərə ilə qarşılaşırsan: polislərimiz və əsgərlərimiz keşik çəkirlər.

Amma Ərbildən fərqli olaraq, burada düşmən terrorçu deyil, gözəgörünməz koronavirus təhlükəsidir. 

Mayın 31-nə qədər karantin rejiminin qüvvədə olması, parklarda, bulvarda 10 nəfərin bir yerdə hərəkətinə məhdudiyyət qoyulması, sosial məsafənin gözlənilməsi tələbinə nəzarət edilməsi, kafelərin axşam 18:00-dək fəaliyyətinə icazə verilməsinə riayət edilib-edilmədiyinin yoxlanılması məqsədilə paytaxtın mərkəzində hələ də Daxili Qoşunların əsgərləri və polislər dolaşırlar. 

Amma bu, şəhərə gəzintiyə çıxanları qətiyyən narahat etmir. Müşahidələrimizə görə deyə bilərik ki, insanlar sərbəst şəkildə dolaşırlar. 

Kimisi şəkil çəkdirir, kimisi xiffətini çəkdiyi kafedə oturur, müxtəlif nağıl qəhrəmanlarının formasını geyinənlər uşaqlarla oynayırlar, geyim mağazaları işlərini dirçəltməyə çalışırlar. 

Amma "Fəvvarələr meydanı"nda Novruz bayramında qurulmuş yarmarka hələ də qalıb və dəmir hasarlarla bağlanıb. Eyni zamanda, attraksionlardan istifadəyə icazə verilmir. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, axşam saat 18:00-dən sonra isə bəzi kafelər qapıdan sifariş qəbul edirlər və istənilən məhsul ofisiant tərəfindən müştəriyə təqdim olunur, amma kafedə oturmaq olmaz. Odur ki, günorta saatlarında "Fəvvarələr meydanı"nın qaynadığını görmək olar. 

Axşam saatlarında isə adamlar çox olsa da, sadəcə, o başdan bu başa gəzməklə kifayətlənirlər. Bu mənada hələlik obyektlər işlərini istənilən səviyyədə qura bilməyiblər. 

Çünki günorta saatlarında da kafelərə gələnlər az olur. Ona görə də restoranlar bayram günlərində müştəri bolluğu olacağını gözləyirlər.

İnsanlar karantinin yumşaldılmasından, kafelərin açılmasından çox məmnun idilər, üzü gülən adamları daha çox görmək olardı. Hər kəs ümidlə gözləyir ki, mayın 31-dən sonra karantin rejimi tamamilə aradan qalxacaq...

Milli.Az