Həbsxanada "palajenyaya" baxdığını deyən şəxsi öz dostu öldürüb

24 May 2020 13:13

Birlikdə yeyib-içdiyi şəxsi öldürən Ənvər hakim qarşısına çıxarılır. Onun qətlə yetirdiyi şəxs həbsxanadan yeni çıxıbmış.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ənvər Umudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Ənvər Umudov əməlindən peşman olduğunu, qətli törədən zaman sərxoş olduğunu deyib.

Hadisə Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində baş verib.

Ənvər Umudov evinə qonaq çağırdığı həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ənvər Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "İJ-16" markalı tüfəng götürülüb.

Məlum olub ki, ev sahibi Ənvər Umudov hadisə baş verən günü evində içki məclisi qurub. O, içki məclisinə tanışı Akif İbrahimovu dəvət edib.

Tanışlar yeyib-içəndən sonra sərxoş olublar. Bu zaman onların sözləri bir-birilərinə xoş gəlməyib. Dəfələrlə məhkum olunan Akif İbrahimov həbsdə olduğu müddətdə "palajenya"ya nəzarət etdiyini deyib. Ənvər Umudov isə onun bu sözlərinə təhqiredici formada cavab verib.

Bundan əsəbləşən Akif İbrahimov isə onu döyüb. Bu vaxt Ənvər Umudov evində saxladığı tüfəngi götürərək, qonağını güllələyib.

Ənvər Umudov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilir.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

Milli.Az