Ən çox uşaqlarda yaranan xəstəlik: Hava, infeksiyalar, əsəb, qorxu, dərmanlar SƏBƏB OLUR

23 May 2020 19:55

Bronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyidir. Dünyada geniş yayılan həmin xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır. Dünyada bronxial astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə bu rəqəm, hətta 12-14 faizə bərabərdir. Aparılan araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir. Lakin həmin xəstəliyə uşaqlar arasında da tez-tez rast gəlinir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib. Onun sözlərinə görə, bronxial astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Bir sıra genetik faktorların, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı arta bilər.

"Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyillikdir. Bu, ətraf mühitdə olan və tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı orqanizmin təhrif olunmuş reaksiyasına irsi meyilliyin olmasıdır. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Bundan əlavə, məişət və ətraf mühit allergenləri bronxial astmanın yaranmasının əsas səbəblərindəndir. Bunlara məişət tozu, həmçinin gənə, siçan ifrazatı, o cümlədən ev əşyalarında - xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar, heyvanların, xüsusilə it və pişik tükləri, həmçinin quş tükü, rütubətli yerlərdə olan göbələk sporları, qurd invaziyaları, bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə, yəni aprel ayından sentyabra qədər havada bitki tozlarının konsentrasiyasının artması, tütün tüstüsü və s. aiddir.

Bununla yanaşı, əlverişsiz ətraf mühit amilləri - soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya küləkli hava bronxial astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi xəstəliyin simptomlarının əmələ gəlməsinə təsir edir. Yuxarı tənəffüs yollarının infeksiyaları, əsəb, qorxu və digər emosional vəziyyətlər, bəzi dərman vasitələrinin istifadəsi zamanı da bronxial astma yarana bilər".

Bəs bronxial astmanın əsas əlamətləri hansılardır?

R. Bayramovun sözlərinə görə, bu xəstəlik zamanı öskürək tez-tez, əziyyətli və daimi xarakterli olur və gecələr və fiziki işdən, soyuq havanın təsirindən sonra arta bilir: "Digər əlamət boğulma tutmalarıdır. Bu zaman bəzən xəstələr döş qəfəsinin sanki "sıxılması"ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Həmçinin bəlğəmin xaric edilməsinin çətinləşməsi, tənəffüs zamanı quru xırıltıların eşidilməsi və s. bronxial astmanın əlamətləri sırasındadır".

Həkim bildirib ki, bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür: "Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə imkan verə bilər. Məsələn, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə etmək və s. Bronxial astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik preparatlar tənəffüs yollarını genişləndirir, spazmı aradan götürür, əsas preparatlar isə bronxlardakı iltihabi prosesi azaldır və tutmaların profilaktikası üçün istifadə edilir".

Milli.Az