Cavanlarda da ölümə səbəb olan problem: İnsultdan qorunmaq üçün nə etmək lazımdır?

30 May 2020 23:15

İnsult beyin qan dövranının kəskin, qəfildən və 24 saat ərzində baş verən pozuntusudur. İnsult müasir dövrdə həm nevrologiyanın, həm tibbin, həm də cəmiyyətin ən aktual tibbi-sosial problemi olaraq qalır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-Neyrofiziologiya Laboratotiyasının rəhbəri, professor Sədaqət Hüseynova deyib. Mütəxəssis bildirib ki, insult həm ölüm, həm də əlillik səbəbləri arasında ön sırada duran problemdir. Hər il dünyada 6 milyona qədər insan insult keçirir, onlardan 4,5 milyonu həyatını itirir, yerdə qalanların 60 faizi əlil olur, təxminəın 20 faizi əvvəlki həyatını divam etdirə bilir. S. Hüseynova pandemiya dövründə də insultların öz aktuallığını qoruduğunu bildirib. Qeyd edib ki, Covid-19-a yoluxanlar arasında infeksion xəstəliklə yanaşı sinir sisiteminin bir sıra pozuntularına rast gəlinir. Bunların sırasında müxtəlif yaş qruplarını əhatə edən insultlar da var.

Dünyada insulta yeni yanaşmaların olduğunu vurğulayan həkim deyib ki, artıq insult xəstələri insult mərkəzlərində müalicə olunurlar. Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə işlər aparılır. Dünyada insulta ən çox kişilərdə rast gəlindiyini bildirən mütəxəssis deyib ki, artıq müasir dövrdə insult hər yaşda rast gəlinən hala çevrilib.

Proqramın digər qonağı, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Neyrofiziologiya şöbəsinin elmi işçisi, həkim-nevroloq Mərziyyə Məmmədova insultun səbəbləri, risk faktorlarından danışaraq bildirib ki, yüksək təzyiq, ailəvi şəkər, ürək-damar xəstəliklərinə meyllilik əsas risk faktorlarından sayılır. O, bu gün ən cavan xəstələrdə də insult yarandığını vurğulayıb. Nevroloq deyib ki, bunun əsas səbələrindən biri beyin anevrizmasıdır. Yüksək təzyiq nəticəsində anevrizma cırılır və ölüm baş verir.

M.Məmmədovanın sözlərinə görə, alkoqol, tütün istifadəsi, yuxu pozulması, fiziki aktivliyin aşağı olması insultla bağlı risk faktorlarıdır. O, risk qrupuna daxil olanlara hər gün piyada gəzməyi, gün ərzində ən azı 8-10 min addım atmağı tövsiyə edib. Bundan başqa, insultdan qorunmaq üçün təzyiqi daim normada saxlamaq, duzdan az istifadə etməyin vacib olduğunu vurğulayıb.

Milli.Az