Mingəçevirdə civə satan şəxs yaxalandı - FOTO

23 May 2020 09:57

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Milli.Az