Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

23 May 2020 07:35

Gürcüstanda mart ayının sonlarında koronavirus pandemiyası səbəbilə tətbiq edilən fövqəladə vəziyyət rejimi və komendant saatı ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani deyib.

İ.Çikovani bildirib: "Ölkənin atdığı uğurlu addımlar və gördüyü tədbirlər bizə fövqəladə vəziyyətin sona çatması, həmçinin məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması barədə danışmağa imkan verir".

Bildirilir ki, kafelər, restoranlar, idman zalları, fitnes-mərkəzlər, iri ticarət mərkəzləri, həmçinin mehmanxanalar bağlı qalır.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Gürcüstanda yeni növ koronavirusa 723 yoluxma halı qeydə alınıb, 12 nəfər dünyasını dəyişib.

Milli.Az