Səyahət gəmiləri sentyabrın 17-dək Avstraliya sularına buraxılmayacaq

22 May 2020 22:35

Avstraliya hakimiyyəti səyahət gəmilərinin ölkə sularına daxil olmasına qoyulan qadağanı sentyabrın 17-nə qədər uzadıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Sərhəd Xidmətinin mətbuatda yayılan bəyanatında yer alıb.

"Səyahət gəmilərinin Avstraliya sularına daxil olmasına qoyulan qadağa daha üç ay - 2020-ci il sentyabrın 17-dək uzadılıb. Yüz nəfərdən çox sərnişin tutumuna malik bütün səyahət gəmilərinin ölkəyə girişi qadağandır", - deyə qurumun bəyanatında bildirilir.

Avstraliya hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə səyahət gəmilərinin ölkəyə daxil olmasını martın 27-də qadağan etmişdi.

Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, dünyada 5 milyon 217 mindən çox yoluxma və 335 min 53 ölüm faktı qeydə alınıb, 2 milyon 96 min 632 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Avstraliyada indiyə qədər yeni koronavirusa 7 min 95 nəfər yoluxub, onlardan 101 nəfəri həyatını itirib. Hazırda müalicə alan 515 xəstədən 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az