Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydası təsdiqlənib

22 May 2020 20:42

Nazirlər Kabineti "Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci və 58-ci maddələrinin ikinci hissələrinə əsasən hazırlanıb.

Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan mənaları ifadə edir.

Sənədlə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi, ictimai ekoloji ekspertizanın təşkili və həyata keçirilməsi də müəyyən edilib.

Milli.Az