Xoşqədəm Hidayətqızı: "Bir az gözləyin..." - FOTO
27 Dekabr 2011 08:15
"Üç nöqtə" qəzetinin baş redaktoru, televiziya aparıcısı Xoşqədəm Hidayətqızının Milli.Az xəbər portalına müsahibəsi.
- Yaşıd həmkarlarınız efirdə olanda siz qəzetçiliyə üstünlük verdiniz. Bu gün qəzet sevgisi, yoxsa televiziya arzusu daha güclü çıxdı?
- Mən öz peşəmi sevirəm. Jurnalistika mənim üşün əvəzediməz sahədir. Əgər yenidən seçim qarşısında qalsaydım, inanmıram ki, bu sahədən başqasını seçə bilərəm. Heç vaxt qəzeti və televiziyanı da bir-birindən ayırmamışam. Ancaq televiziyada olmaq həmişə böyük arzum olub. Sonra elə gətirdi ki, qəzetdə fəaliyyətə başladım. Bütün uğurlarım da qəzetdə oldu. Qəzet yaratmaq təklifi gələndə isə özümü sınamaq istədim ki, rəhbər və təşkilatçı kimi necəyəm. Bu işin arxasınca getdim və mənə elə gəlir ki, uğurlu alındı. Uğurlu alınmasaydı, dekabrın 27-də qəzetimizin 13 illiyini qeyd edə bilməzdik. 12 il heç də qısa vaxt deyil. Əgər bir qəzet 13 il yaşayıbsa, insanların yaddaşında yaxşı qəzet kimi qalıbsa, demək mən doğru seçim etmişəm.
- Televiziyaya gəlməyinizdə "arzu sevgini üstələdi" demək olar?
- Ola bilər...
- Yaşıdınız olan həmkarlarınız da efirə çıxmağa can atırdılar. Ancaq "ələnmə vaxtı" efirdə bircə siz qaldınız. Bunun səbəbi nədir? Sizdə onlarda çatışmayan nə var? Onların edə bilmədiyi nəyi etdiniz ki, efirdə qaldınız?
- Sözün düzü, həmkarlarımdan kimlərin efirə çıxdığını bilmirəm. Əvvəllər efirləri o qədər də izləmirdim. Heç indi də izləməyə vaxtım olmur. Bilmirəm onlar kimdir, amma televiziya həqiqətən də çətindir. Əgər televiziyaya gələndə, bu qədər çətin olduğunu bilsəydim, səmimi etiraf edirəm ki, gəlməzdim. Bütün günü işləyirik. Ola bilsin ki, bizim layihəmiz ağırdır deyə belə alınır. Amma televiziya kənardan görsəndiyi kimi asan deyil. Tamaşaçını əldə etmək, auditoriyanı toplamaq, onların sevimlisinə çevrilmək çox çətindir.
- Amma yenə də deyirlər ki, Xoşqədəm Hidayətqızı insanların dərdi, problemi ilə şou düzəldir...
- Əgər onu deyən insanlar gözlərindəki eynəyi, qərəzli eynəyi, çıxarıb baxsalar, görərlər ki, burada şoudan əsər-əlamət yoxdur. Tənqid yaxşı şeydir, inkişafdır. Özüm də özümə tənqidlə yanaşıram. Amma görəndə ki, insanlar qərəzlidir, onlarda bəzən qısqanclıq, paxıllıq ədalət hissinə üstün gəlir, çox pis oluram. Düzdür, o cür insanlar mənə daha yaxşı işləməyim üçün güc verir. Əgər bu işdən bir şey qazanmıramsa, sevərək həyata keçirirəmsə, insanlara xeyir veririksə, kimlərisə uzun müddətdən sonra bir-birinə qovuşdururuqsa, həsrətə son qoyulursa, insanlar bundan danışmalıdır. Şou başqa şeydir. Əgər tamaşaçını ətrafımda toplaya bilirəmsə, tamaşaçı bəzilərinin şou dediyi verilişə baxırsa, bu, o deməkdir ki, şou deyil.
- Bu gün layihələrin davamlılığı əsasən reytinqlə müəyyənləşir. "Üç nöqtə" qəzetinin və "Səni axtarıram" verilişinin reytinqi haqda nə deyərdiniz?
- Yazılı və elektron mətbuatı televiziya ilə müqayisə etmək düzgün deyil. Əgər "Üç nöqtə"nin yarandığı vaxtlar ilə 2001-ci ilə qədər olan fəaliyyətini müqayisə etsək, bu müqayisəni aparardım. O vaxt mətbuatın əksəriyyəti xəbəri bizdən götürürdü, hətta televiziyalar mənim xəbərimdən istifadə edirdi. Artıq yazılı mətbuata maraq getdikcə azalır. İnsanlar indi xəbəri internet vasitəsilə rahat əldə edə bilirlər. Qəzeti gözləməyə ehtiyac yoxdur. Hər bir qəzetin saytı var, insanlar xəbərləri daha tez əldə edirlər. Bu isə qəzetlərin gücünü zəiflədir və marağı azaldır. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Ona görə də qəzetlə, televiziyadakı "Səni axtarıram"ı müqayisə etməyək.
Reytinqə gəlincə, onu deyə bilərəm ki, mən Azad Azərbaycan televiziyasında "Səni axtarıram" layihəsini həyata keçirirəm. Nə vaxta qədər lazım bilinəcək, o vaxta qədər də həyata keçiriləcək. Əsas odur ki, mən işimi sevirəm. Gecə-gündüz bu işlə məşğul olmaqdan zövq alıram, çünki televiziyanı sevirəm.
- Reytinq cədvəlinə nəzər salsaq, həmçinin televiziya sevginizi nəzərə alsaq, sizcə, qəzetçilikdə vaxt itirməyə dəyərdimi?
- Qəzet mənim ailəmdir. Həyatda bir çox şeylərimi qəzetə qurban vermişəm. Qəzeti ikinci övladım hesab edirəm. Bir dəfə Brüsseldə olanda xəbər gəldi ki, qəzetin ofisində oğurluq olub. Sanki ağır bir xəbər almışdım. Ciddi hadisə olmasa da, elə bilirdim ki, kimsə evimə girib. Qəzet mənim övladımdır, böyütmüşəm, yaratmışam. Qəzet mənim sənət əsərimdir.
- Efirdə özünüzə kimi rəqib görürsünüz?
- Mən belə suallardan qaçıram. Mən öz işimlə məşğul olmalıyam. Hansısa jurnalistə, aparıcıya oxşamağa çalışmamalıyam. Özüm olmağa çalışıram və tamaşaçıların da yadında Xoşqədəm Hidayətqızı kimi qalmaq istəyirəm.
- Qəzet jurnalistinin tək problemi "necə yazım"dır. Efirə çıxan zaman isə artıq "necə görünüm" sualı da ortaya çıxır. Siz belə sualla rastlaşdınızmı?
- Bəlkə də oxucular dediyimi səmimi qəbul etməyəcəklər, amma səmimi deyirəm ki, heç vaxt belə problemim olmayıb. Həmişə çalışmışam ki, tamaşaçı efirdən məni görərkən deməsinlər ki, bu, nə geyimdir. Mənim öz üslubum var, sadə, özümə yaraşan. Hamı bilir ki, ciddiliyə fikir verən adamam. Efirdə məni sevən də var, sevməyən də. Çalışıram ki, sevənin və sevməyənin qəbul edəcəyi tərzdə geyinməliyəm. Baxmayaraq ki, idman tərzində geyinməyi çox sevirəm, amma belə geyimdə heç vaxt efirə çıxmaram. Bizi milyonlar izləyir, örnək götürənlər də var. Geyimə diqqətlə yanaşmalıyıq ki, camaat bizi qınamasın. Qəzetdə isə başqadır. Bir səhifəni sözlərinlə, əlində olan faktlarla doldura bilirsən. Televiziyada isə tamaşaçı görüntüyə baxır, sənin sözlərinə yox.
- Bu gün dəbdə olan bir "glamour" anlayışı var. Buna münasibətiniz? Özünüzü bu sırada görürsünüzmü?
- Normaldır. Hər bir insan fikrində, geyimində azaddır. Əgər kimsə "glamour"dursa, niyə də olmasın. Əsas odur ki, sən necə olmaq istəyirsən, başqasının səni müzakirə etməsini düzgün qəbul etmirəm.
- "Üç nöqtə" ilə bağlı hansı planlarınız var?
- Bu gün, dekabrın 27-də qəzetimin 13 yaşı tamam olur. Qəzet yaranan vaxtı böyük çətinliklərimiz olub. Amma onu deyə bilərəm ki, qəzetlə bağlı 2012-ci ilin martında layihə gerçəkləşdirəcəyəm. Artıq layihə üzərində işləyirik. Yazılı mətbuat yerini artıq elektron KİV-ə verir. Ona görə də biz yavaş-yavaş buna hazırlaşmalıyıq. "Üç nöqtə" qəzetinin portal versiyası yaradıla bilər.
- "Üç nöqtə" qəzeti Azərbaycan mətbuatına nə verdi?
- Bu gün ilk jurnalist fəaliyyətinə "Üç nöqtə" qəzetində başlayıb, televiziya, qəzet, xəbər agentliklərində aparıcı qüvvə kimi çalışırlarsa, deməli, mətbuata nəsə verib. Son dövrlər yeni imzalar, insanların qəlbini, ürəyindən keçən yazıları yazan jurnalistlər yetişirdi. Ona görə də düşünürəm ki, nə yaxşı ki, "Üç nöqtə" 13 il əvvəl fəaliyyətə başladı və hər zaman gənclərə qapılarımızı açdıq. Mən gənclərə "Üç nöqtə"nin qapısını açdım, həmişə də onlarla işləməyə üstünlük vermişəm. Onlardan enerji alıram. Gənclərdə həmişə yeni ideyalar olur, onlar fərqlidir. "Üç nöqtə" gəncliyin məhsuludur.
- Gənclərə üstünlük verməyinizi nəzərə alıb düşünmək olarmı ki, siz yeni layihənizlə gələcəyin agentlik və ya portalını yaradırsınız?
- İndidən heç nə deyə bilmərəm. Televiziyadakı kimi desək, bir az gözləyin.
- Tarixdə necə qadın kimi qalmaq istərdiniz?
- Tarixdə necə qalmaq kimi iddiam yoxdur. Öz ailəmin, yaxınlarımın, dostlarımın yaddaşında yaxşı insan kimi qalmaq istəyirəm.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






