"Bu təxribatda Paşinyanın iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin bu anlayışa qara ləkə sürməsindən başqa bir şey deyildir"

22 May 2020 12:29

Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.

Milli.Az bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib.

"Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilərin" nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz".

O, bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.

"Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində "andiçmə" adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü "demokrat" kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı "seçki" və ya "andiçmə"dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir", - o, söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az