Pandemiya dövründə ərzaq məhsulları və tibbi ləvazimatlara olan tələbat artıb

22 May 2020 12:18

"Koronavirus pandemiyası həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlara mənfi təsir etsə belə, pandemiya nəticəsində gəlirlərini artıran sektorlar da var. Belə ki, pandemiya dövründə ərzaq məhsulları və tibbi ləvazimatlara olan tələbat artıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, bunu həm dünya üzrə qiymətləndirmə, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatları ilə bağlı araşdırmalar göstərir:

"Təbii ki, ilk növbədə onlayn xidmətlərə tələbatın artması müşahidə olunub. İlkin monitorinqlər göstərir ki, Azərbaycanda da onlayın sifarişlərin sayında artımlar olub. Eyni zamanda, tibbi ləvazimatların və preparatların, o cümlədən tibbi maska, əlcək, spirt isthsalı və satışı ilə məşğul olan qurumların məhsullarına tələbat artıb. Eləcə də pandemiyanın ilk dövrlərində bir sıra ərzaq məhsullarına tələbatın artması müşahidə olunub. Vətəndaşlarımızın bir qismi ərzaq ehtiyatı yaratmağa çalışıblar, lakin sonrakı dövrlərdə bu tələb artıq sabitləşdi".

Pandemiyadan əziyyət çəkən sahələrlə bağlı danışan deputat bildirib ki, bu sahələrin sayı 20-dir:

"İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, həmin sahələrdən 11-də fəaliyyətin tamamən dayanması, 9-da isə fəaliyyətin 70 faiz məhdudlaşması müşahidə olunub. Təbii ki, aprelin sonu-mayın əvvəlində karantin qaydalarının yumşaldılması bəzi sektorlarda fəaliyyətin yenidən bərpa edilməsinə imkan yaradıb. Amma təbii ki, qiymətləndirmələrə görə turizm, xidmət, ictimai iaşə, nəqliyyat sektorları pandemiyanın ən çox mənfi təsir etdiyi sektorlardır".

Milli.Az