“Azəri-Çıraq-Günəşli”dən Azərbaycanın payına 72,6 mln ton neft düşüb

20 Aprel 2010 15:38
Bu barədə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimli bildirib. Onun sözlərinə görə, indiyə kimi AÇG vasitəsilə hasil edilən neftin ümumi həcminin 72,6 milyon tonu Azərbaycanın payına düşüb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

"Azəri-Çıraq-Günəşli" layihəsi üzrə birgə işləmə və hasilatın pay bölgüsü barədə saziş 1994-cü ilin sentyabrında imzalanıb. Müqavilənin fəaliyyət müddəti 30 ildir. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə 2006-cı ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayının sonunda "Günəşli" yatağının dərin su hissələrində hasilata başlanılıb.

2010-cu ildə bp şirkəti bu yataqlar blokundan 42,1 milyon ton neft hasil edəcək. 2009-cu ildə bu göstərici 40,3 milyon ton təşkil edib. Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan sutkalıq təxminən, 854 min ton neft hasil edilir.

/Trend/