Volkswagen Tiguan modelinin kupeşəkilli versiyası kamuflyajsız yaxalanıb - FOTO

21 May 2020 23:01

Yenilənmiş Tiguan modelinin bu il debüt edəcəyi hər kəsə bəllidir. Lakin, iş təkcə yenilənmə ilə bitmir - Tiguan ailəsi nəhayət vəd olunmuş kupeşəkilli krossover ilə də genişləndiriləcəkdir. Yeni kupe-kross üçün ən vacib bazarlardan biri Çin olacaqdır. Bu günlərdə diribaş casuslar Çində sınaqları keçirilən, demək olar ki, "soyundurulmuş" Tiguan kupe-krossoverinin şəklinin çəkməyə müvəffəq olublar.

Şəkillərdən də gördüyünüz kimi, kuzovun üzərində praktiki olaraq heç bir örtük qalmayıb, ancaq hiyləgər mühəndislər avtomobilin "üzünə" gümüş rəngli qeyri-adi  kamuflyaj örtüyünü vurublar ki, bununla da Volkswagen krossoveri yerli Changan CS85 modelinə bənzər olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Volkswagen şirkəti artıq Çinin patent bürosunda Tiguan X əmtəə nişanını qeydiyyata alıb və mövcud olan Teramont X və Tayron X modellərində olduğu kimi, Tiguan modelinin kupeşəkilli versiyası da X indeksini alacaqdır. Yeni Tiguan X adi krossoverdən aşağı salınmış dam xətti və orijinal arxa hissəsi ilə seçiləcəkdir. Kuzovun yan tərəfinin dizaynı isə dəyişilməz qalacaqdır.

Yenilənmiş Tiguan ailəsinin bütün üzvləri başqa bamperlərə, dəyişdirilmiş işıq texnikasına və radiator barmaqlığına sahib olacaqdırlar. İlkin məlumata görə, texniki olaraq Tiguan X modeli "adi" Tiguan krossoverində heç nə ilə fərqlənməyəcəkdir. Bu isə, modelin qlobal mühərrik çeşidinə 1.4 TSI, 1.5 TSI, 2.0 TSI və 2.0 TDI mühərriklərinin daxil ediləcəyindən xəbər verir.

Şübhəsiz ki, bu il debütü gözlənilən ən güclü Tiguan R modeli də kupeşəkilli versiyada təklif ediləcəkdir. Yeni Tiguan ailəsinin bütün versiyalarının təqdimatı yaxın aylarda baş tutmalıdır.

Milli.Az