Yeni Mercedes-Benz S-Class - mübahisələrə səbəb olan dizayn - FOTO

23 May 2020 23:30

Bu həftənin ən çox səs-küyə səbəb olan hadisəsi növbəti nəsil Mercedes-Benz S-Class flaqman sedanının casus şəkillərinin İnternet şəbəkəsində dərc edilməsi olub. Avtomobilin eksteryer və interyer dizaynı sosial şəbəkələrdə qızğın müzakirələrə təkan verib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, şəkillərin kefiyyətinin aşağı olması, Ştutqardan olan dəbdəbəli sedanın üslubunu tam şəkildə üzə çıxarmağa imkan verməyib. Lakin, Yotube kanalındakı AtchaCars adlı istifadəçi casus şəkillərinin əsasında avtomobilin reallığa daha yaxın olan görüntüsünü əks etdirən renderləri hazırlayıb və bunu necə etdiyini göstərib.

Dərc edilmiş casus şəkillərindən göründüyü kimi, avtomobilin ön hissəsindəki forması dəyişmiş radiator barmaqlığı və ön fənərlər yeni sedanı əvvəlkindən fərqləndirmək üçün kifayət edəcəkdir. Üstəlik, bu dizayn flaqman sedanını aşağı pillədə duran modellərə bəmzəməsini aradan qaldıracaqdır.

Arxa hissədə isə daha ciddi dəyişikliklər baş verib. Burada ən çox diqqəti çəkən avtomobilin arxa işıq texnikasıdır. Arxa fənərlər formasına görə, CLS və CLA modellərində, həmçinin yenilənmiş E-Class sedanında gördüklərimizə çox bənzəyir. Bunu arxa bamperin aşağı hissəsinə də şamil etmək olar.

Doğrudur, yeni Mercedes-Benz S-Class modelinin dizaynı barədə mülahizələr yürütmək hələlik çox erkəndir. Güman edirəm ki, bir qədər hövsələli olub, modelin rəsmi təqdimatını və ən azından peşəkar fotoqraflar tərəfindən çəkilmiş rəsmi şəkillərini gözləmək lazımdır.

Milli.Az