Bakı binalarında lift problemi
12 Dekabr 2011 10:48
Milli.Az xəbər portalının məlumatına görə, Binəqədi rayon sakinlərindən biri problem haqda Day.Az saytına ünvanladığı məktubda yazır: "Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 3 ünvanında yaşayıram. Hər ay Lift idarəsinin nümayəndəsi mənzilləri gəzərək lift xidmətinə görə hər mənzildən 2 manat pul yığır. Bildiyimə görə, əslində mənzildə qeydiyyatda olan hər adama görə 20 qəpik ödənilməlidir. Bizdən niyə artıq pul alınır və ödədiyimiz pula görə göstərilməli olan xidmətlərə nə daxildir?"
"Bakı Lift-Təmir" İstehsalat Birliyi yanında Binəqədi rayon Lift İdarəsinin şöbə müdiri Vilayət Əfsan mənzildə qeydiyyatda olan hər kəsə görə aylıq lift pulunun 20 qəpik olduğunu təsdiqləyib və Lift İdarəsi nümayəndəsinin mənzillərdən 2 manat tələb etməsinə ixtiyarı olmadığını söyləyib.
"Şövkət Məmmədova 3 ünvanında yaşayan sakinlərin əksəriyyəti lift pulunu ödəmir. Onların əksəriyyətinin aylarla yığılıb qalan borcu var. Ona görə də onlardan pul adambaşı 20 qəpikdən yox, daha çox tələb olunur. Məqsəd sakinlərin yığılıb qalmış borclarını ödəmələrinə nail olmaqdır", - deyə şöbə müdiri bildirib.
A.Əfsanın sözlərinə görə, Lift İdarəsi liftlərə texniki baxış keçirməyə, lift avadanlıqlarını təmir etməyə, liftdə qalmış insanı oradan çıxarmaq üçün tədbirlər görməyə borcludur:
"Amma liftə sakinlərin günahından zərər dəyərsə, təmir onların öz hesabına aparılır. Əgər kiminsə günahından liftin mühərriki yanarsa, xərcləri istifadəçilər ödəməlidirlər. Biz isə dərhal yeni mühərriki quraşdırmağa hazırıq".
Şöbə müdiri bildirib ki, sakinlər liftlə bağlı şikayətlərini (012) 440-65-85 nömrəli telefona zəng vuraraq çatdıra bilərlər.
Milli.Az