İranda koronavirusa yoluxanların sayı 120 min nəfəri keçib

17 May 2020 18:25

İranda ötən sutka ərzində daha 1 806 nəfərin koronavirusa (COVID- 19) yoluxması ilə indiyədək 120 198 nəfərin bu virusa yoluxduğu öz təsdiqini tapıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 705 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, ötən 24 saat ərzində daha 51 koronavirus nəticəsində ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 6 988 nəfərə çatıb.

Nazirlik rəsmisi ölkədə indiyədək 94 464 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda virusun diaqnozu ilə əlaqədar 686 mindən çox test həyata keçirilib.

Milli.Az