Ramazan ayını digər aylardan üstün edən nədir?

19 May 2020 21:45

Ramazan ayı bütün ayların sultanı olub, xüsusi əhəmiyyətə malik olan aydır. Bu, o aydır ki, Allahın rəhmət qapıları açılar və günahlar bağışlanar, dualar qəbul olar, sədəqələr qəbul olar, iftar süfrələri açılar və möminlərə təam verilər, Quran tilavət olunar, istiğfar edilər və oruc tutular...

Bundan başqa, bəzi amillər vardır ki, bu ayı başqa aylardan üstün edər.

1. İlin ən üstün ayıdır. Mübarək Ramazan ayı Quranın onda nazil olmasına görə ən üstün ay hesab olunur. Qurani-Kərimdə buyurulur: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır". ("Bəqərə" 185).

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Allahın bərəkətli və rəhmətli ayı sizə üz çevirmişdir. Elə bir ay ki, Allah yanında başqa aylardan daha üstündür, gündüzləri bütün gündüzlərdən, gecələri bütün gecələrdən, saatları bütün saatlardan üstündür.

Elə bir aydır ki, onda Allah qonaqlığına dəvət olunmuş və Onun lütfündə qərar tutmusunuz. Sizin ondakı nəfəsləriniz - təsbih, yatmağınız - ibadət, əməlləriniz - qəbul olan və dualarınız - yerinə yetəndir".

2. Bütün səma kitabları bu ayda nazil olmuşdur. Allahın bütün böyük səma kitabları məhz Ramazan ayında nazil olmuşdur. İmam Sadiq (ə) buyurur: "Qurani-Kərimin hamısı Ramazan ayında Beytul-Məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur.

İbrahimin (ə) səhifəsi - Ramazan ayının ilk gecəsində, Tövrat - Ramazan ayının 6-da, İncil - Ramazan ayının 13-cü günündə və Zəbur - Ramazan ayının 17-də nazil olmuşdur".

3. Orucluq tövfiqi. Allah Təala Ramazan ayında bəndələrinə orucluq tövfiqini əta etmişdir. Quran buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Orucluq tövfiqi sayəsində insan mənəvi tərəfini inkişaf etdirər və oruc tutmaq onun cisminin təmizlənməsinə səbəb olar. Bu ayda insan, nəfsinin yüyənini çəkməyi öyrənər və özünü islahla məşğul olar. Ona görə də təkamül edər və İlahi qürbə yaxınlaşar.

Bütün bunların hamısı orucluq tövfiqi sayəsində baş verər. Ona görə də Ramazan ayını başqa aylardan üstün edən amillərdən biri də orucluq tofiqatıdır.

Mübarək Ramazana ayı - bağışlanmaq ayıdır. İmam Sadiq (ə) buyurur: "O kəs ki, Ramazan ayında bağışlanılmaz, gələn ilin Ramazan ayına qədər bağışlanılmaz, məgər (həcc zamanı) Ərəfədə olsa".

Milli.Az