Arzuman Abdulkərimov: Radikal müxalifət bir-birini küçə söyüşləri ilə təhqir edərək növbəti dəfə iç üzünü göstərdi

15 May 2020 18:09

"Milli Şura" adlanan qurumun keçirdiyi videokonfransda radikal müxalifət nümayəndələri bir-birini küçə söyüşləri ilə təhqir edərək növbəti dəfə özlərinin iç üzünü göstərdilər.

Milli.Az bildirir ki, bunu Trend-ə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

O bildirib ki, radikal müxalifətin canlı yayımda olan videokonfransında küçə jarqonlarından istifadə olunurdu: "Hətta, aralarında qadının da olmasına baxmayaraq, küçə söyüşlərindən istifadə etmələri onların hansı əxlaq normalarına sahib olduqlarını bir daha ortaya qoydu. Orada iştirak edən Gültəkin Hacıbəylinin özü belə davranışında bir xanıma, Azərbaycan qadınına yaraşmayan leksikondan, küçə jarqonundan istifadə edirdi. Sözsüz ki, radikal müxalifətin belə davranışı onlara bir araya gəlməyə imkan vermir və heç zaman da verməyəcək. Çünki ünsiyyətdə söyüş ritorikasından istifadə edən bu şəxslər bir-birilərini ölümlə də hədələyirlər".

A.Abdulkərimov bildirib ki, Azərbaycan iqtidarı yeni siyasi konfiqurasiyaya köklənib - simalar, təfəkkürlər dəyişilir, gələcəyə və idarəetməyə baxış yenilənir: "Müxalifətdə isə əksinə, geriləmə baş verir. Uzun illərdir ki, onlara yeni simalar gəlmir, çünki özlərini klassik müxalifət liderləri adlandıran şəxslər yeni simaların gəlməsinə, gəncliyin formalaşmasına imkan vermirlər.

Onlar özlərinin qaragüruhçu dəstələri və söyüş terroru qrupları vasitəsilə imkan vermirlər ki, gənclər önə çıxsınlar. Bu baxımdan, ənənəvi radikal müxalifətə yeni təfəkkür gəlmir.

Milli.Az