Vyana şəhərində iqtisadiyyata və qastronomiya obyektlərinə dəstək göstərmək üçün şəhər bələdiyyəsi hər bir ailəyə vauçerlər paylayacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Vyana şəhərinin meri Mixael Ludviq qastronomiya obyektlərinin yenidən fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş brifinqdə söyləyib. O deyib ki, şəhərdə olan 950 min mənzil üzrə təqdim olunan vauçerlər iyun ayının ortalarından sentyabrın sonunadək istifadə edilə bilər. Bir nəfərin yaşadığı mənzillərə 25 avro, bir neçə nəfərin yaşadığı mənzillərə isə 50 avroluq vauçerlərin nəzərdə tutulduğunu bildirən mer bu məqsədlə büdcədən 40 milyon avro vəsait ayrıldığını diqqətə çatdırıb.
Merin sözlərinə görə, kafe və restoranlar üçün təkan rolu oynayan bu addım iqtisadiyyatın yenidən dirçəlməsinə öz töhfəsini verəcək. 60 min işçinin çalışdığı qastronomiya sektoruna bu dəstəyin siyasi nüansı da diqqətdən qaçmayıb. Bu ilin oktyabr ayında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində şəhər meriyasının bu stimulaşdırıcı addımı ilk növbədə seçici qazanmağa hədəfləndiyi iddia olunur. M.Ludviq bu kimi ehtimalları rədd edərək bildirib ki, ötən illərdə Vyana şəhəri turizm və digər sektorlardan gəlirlər əldə edib, indiki ağır durumda həmin vəsaitlərdən çətin vəziyyətə düşən sahələrin dəstəklənməsi üçün istifadə etmək lazımdır.
Qeyd edək ki, mayın 15-dən etibarən Avstriyada qastronomiya obyektləri fəaliyyətlərini tam şəkildə bərpa edəcək. Kafe və restoranlar axşam saat 11-dək müştəriləri qəbul edə bilərlər.
Milli.Az