İran bir sıra tibbi ləvazimatların ixracına icazə verib

13 May 2020 12:07

İrandan N95 maskası, tibb işçisi geyimi və diaqnoz testlərinin məhdudiyyət olmadan ixracına icazə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin rəhbəri Modərris Xiyabani Fars informasiya agentliyinə açıqlamasında deyib.

M.Xiyabaninin sözlərinə görə, İranda koronavirusla əlaqədar tibbi ləvazimat və səhiyyə vasitələrinin istehsalı ehtiyacdan qat-qat çoxdur.

Xiyabani əlavə edib ki, bununla yanaşı iranlı istehsalçılara dəstək məqsədilə ölkə daxilində istehsal olunan tibbi ləvazimatın sifarişi və idxalı qadağan edilib.

Qeyd edək ki, 5 mayda İrandan Almaniyaya koronavirusun müəyyənləşdirilməsi üzrə 40 min ədəd seroloji diaqnoz testi ixrac olunub. Bununla da İrandan bir sıra tibbi vasitənin ixrac edilməsinə start verilib.

Əlavə edək ki, İranda indiyədək 110 767 nəfər koronavirusa yoluxub, 6 733 nəfər ölüb, 88 357 nəfər sağalıb.

Milli.Az