Peugeot 308 modeli 300 at qüvvəli hibrid olacaq - FOTO

19 May 2020 21:30

Bu gün Peugeot şirkətinin təklif etdiyi 308 modeli 2013-cü ilin mayında debüt edib. 2017-ci ilin mayında isə, model plan üzrə yenilənmədən keçib. Bir neçə gündə sonra yeddi yaşı tamam olacaq model, yeni korporativ dizayn üslubunda görünüşə malik olan ilk Peugeot avtomobili olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 308 modelinin üçüncü nəsli, yenidən, fransız markasının yeni dizayn üslubunu əldə edən ilk avtomobil olacaqdır. Cari Peugeot 308 modeli EMP2 modul platformasında inşa edilən ilk Peugeot avtomobili olduğu kimi, onun davamçısı da eyni platformanın təkmilləşdirilmiş versiyasında inşa ediləcək ilk avtomobil olacaqdır.

Peugeot 308 modeli əvvəlki kimi benzin və dizel mühərrikləri, həmçinin tərkibinə bir və ya iki elektrik mühərriki daxil olan iki qoşulan hibrid aqreqatı ilə təklif ediləcəkdir. Sonuncu halda, hetçbek indiki 3008 HYBRID4 modeli kimi tamötürməli olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 300 at qüvvəsinin üzərində olmalıdır ki, bu da 308 hetçbekinə 333 at qüvvəli yeni Volkswagen Golf R modeli ilə rəqabət aparmağa imkan verəcəkdir.

Tamötürməli hibrid hot-hetç, Peugeot Sport Engineered (PSE) subbrendi altında buraxılacaqdır. Avtomobilin uğuru onun satış həcmi ilə deyil, qazandığı nüfuza görə ölçüləcəkdir. "Qaynar" modelin uğur əldə etməsi halında, digər Peugeot modelləri də bənzər modifikasiyaya sahib ola bilərlər.

Ümumiyyətlə, Peugeot Sport bölməsi artıq tamamilə elektrikləşdirməyə yönəlmişdir. Təsvvür edin ki, yalnız 208 hetçbeki üçün nəzərdə tutulmuş GTi emblemi, e-208 elektrokarının "bərkgedən" versiyasına da verilə bilər.

Eyni zamanda, növbəti nəsil Peugeot 308 modeli tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələn versiyası da buraxılacaqdır, Qeyd etmək lazımdır ki, bu da bir yenilikdir - çünki indiyə qədər PSA qrupu EMP2 platformasında inşa edilmiş modelləri yalnız qoşulan hibrid güc qurğusu ilə təchiz edirdi. Elektrik güc qurğusu ilə təchiz edilən modellər isə, fransız istehsalçısının Dongfeng şirkəti ilə birlikdə hazırladığı e-CMP platformasına əsaslanırlar.

Peugeot 308 ailəsi, ənənəvi olaraq, hetçbek və universal kuzovlu modellərdən ibarət olur. Bundan əlavə, 308 modelinin yolsuzluq versiyasının buraxılacağı da istisna edilmir. Üçüncü nəsil Peugeot 308 modeli 2021-ci ilin sonunda debüt etməlidir.

Milli.Az