MediaTek şirkəti Dimensity 1000+ adlı yeni flaqman prosessor modelini təqdim edib

12 May 2020 08:35

MediaTek şirkəti özünün Dimensity 1000 5G flaqman prosessorunun təkmilləşdirilmiş versiyası olan Dimensity 1000+ modelini təqdim etdi. Şirkət yeni prosessor modelində yeni texnologiyaların və funksiyaların inteqrasiyası vasitəsilə performans göstəricilərinin yüksəlməsinə diqqət ayırıb. Dimensity 1000+ prosessor modelinin təqdimatı zamanı MediaTek şirkəti onun texniki özəllikləri barəsində o qədər də məlumat verməyib.

Təkmilləşdirilmiş modelin adi Dimensity 1000-dən fərqi ondadır ki, o, 144 Hz tezlikli təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir. Adi Dimensity 1000 kimi Dimensity 1000+ da 5G modem ilə təchiz olunub. Bundan əlavə olaraq yeni prosessor MediaTek 5G UltraSave texnologiyasının dəstəyini əldə edib. Bu texnologiya şəbəkə şərtləri və istifdəçinin enerji sərfiyyatı üçün etdiyi əmrlər üzrə modemin cərəyanını və çalışma tezliyini dinamik şəkildə tənzimləyir. Dimensity 1000+ modelinin daha bir vacib özəlliklərindən biri də odur ki, o, HyperEngine 2.0 texnologiyasının dəstəyini əldə edib.

Bu texnologiya sistem resurslarının istifadəsinin optimizasiyası hesabına mobil oyun proseslərini yaxşılaşdırır. Lakin MediaTek şirkəti yeni prosessorda əsas diqqəti vizual özəlliklərə və MiraVision texnologiyasına ayırıb. Bu texnologiya yekun olaraq əldə ediləcək fotonun yüksək keyfiyyətdə alınması üçün real zaman ərzində kadrın kontrastlığını, dəqiqliyini və rəng ötürülməsini tənzimləyir.

Bundan əlavə olaraq HDR10+ ilə müqayisədə MiraVision Picture Quality Engine texnologiyası təsvirin daha dəqiq kalibrasiyasını və geniş dinamik diapazonunu təqdim edir. Bundan əlavə olaraq MiraVision texnologiyası adi SDR videoları HDR keyfiyyətinə kimi yaxşılaşdırır. Dimensity 1000+ prosessoruna sahib olacaq smartfonlar artıq yaxın zamanda təqdim olunmalıdırlar. Sözügedən prosessoru ilk əldə edəcək smartfon isə Vivo-nun subbrendi olan iQOO-nun smartfon modeli olacaq.

Milli.Az