Əsgərlər tərəfindən saxlanılan narkotik alverçilərinin həbs müddəti uzadıldı

10 May 2020 13:45

Qaçaq yolla ölkəyə gətirdiyi narkotiki satmaq istəyən şəxs və onunla birlikdə həbs edilən şəxslərin həbs müddəti artırılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Səbail Rayon Məhkəməsində Anar Əhmədov və Məftunə Məmmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. İstintaq orqanının təqdimatı ilə hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Məlumatına görə, 2020-ci il yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində üç nəfərin olduğu "AzSamand" markalı avtomobilin əraziyə yaxınlaşıb.

Avtomobildən bir nəfər düşərək özünü şübhəli aparıb. Onun ətrafda müşahidələr aparması sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "Dayan!" əmri verilib. O, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxs Anar Əhmədov olub. Onun əlindəki bağlamaya baxış zamanı içərisində 2 kiloqram 980 qram çəkidə narkotik vasitə aşkarlanıb.

A.Əhmədovun sərhədçilər tərəfindən tutulan zaman avtomobildəki digər iki nəfər hadisə yerindən qaçmaq istəyib. Lakin onlar da təqib edilərək saxlanılıblar. Həmin şəxsər 1999-cı il təvəllüdlü İlkin Niftəliyev və 1990-cı il təvəllüdlü Məftunə Məmmədova olub.

Məlum olub ki, Anar Əhmədov qaçaq yolla ölkəyə gətirilən narkotiki İ.Niftəliyev və M.Məmmədova satmaq istəyirmiş.

Milli.Az