YAP ABŞ-la birgə hərbi təlimlərdən imtinaya münasibət bildirdi
20 Aprel 2010 13:32
"Proseslər bir-biri ilə əlaqəlidir, regionda əmin-amanlığın, sabitliyin, əməkdaşlığın təmin edilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrinin aradan qaldırılması ilə bilavasitə əlaqədardır. Proseslər bu konteksdə nəzərdən keçirilsə, onda hesab edirəm, ilkin olaraq münaqişənin nizama salınması üçün əhəmiyyətli addımlar atılmalıdır".
Bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib. O hesab edir ki, bu istiqamətdə ədalətli tədbirlərin görülməsi planlaşdırılmalı və bunun nəticəsi, yekun olaraq regionda sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində digər əlavə tədbirlər görülə bilər: "Bu gün üçün Azərbaycan cəmiyyətinin qəbul edə biləcəyi bir reallıq var - Azərbaycanın haqlı mövqeyi beynəlxalq, siyasi qurumlar tərəfindən müdafiə edilmirsə, onda Azərbaycan cəmiyyətinin bu münasibətlərin nə dərəcədə Azərbaycanın maraqlarına uyğun gəlməsi ilə əlaqədar sualları ortaya çıxır".
Qeyd edək ki, Azərbaycan mayda nəzərdə tutulan ABŞ-la birgə hərbi təlimlərin keçirilməsindən imtina edib.