Bahar Muradova siyasi qüvvələrə çağırış etdi: "Seçki prosesinə qoşulun, sonra fikir bildirin"

20 Aprel 2010 13:19
Seçki prosesindən kənarda qalmaqla onun haqqında obyektiv rəy bildirmək olmaz. Milli.Az xəbər verir ki, bu fikri bu gün Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova səsləndirib. Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara uyğun olduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycanda əhalinin əksəriyyəti seçkinin demokratik keçirilməyəcəyi fikri ilə razı deyil: "Amma belə fikirlər tək parlamentdə deyil, mətbuatda da baş alıb gedir. Mətbuata baxanda, elə bilirsən ki, bu reallıqlar hansısa fəzada baş verir, çünki Azərbaycanda vəziyyət bu cür deyil".

Azərbaycanda parlament seçkilərinə yüksək səviyyədə hazırlıq getdiyini deyən Bahar Muradova bunun əksini iddia edilən fikirləri məntiqli saymır: "Seçkinin demokratik keçməyəcəyini deyənlər o demokratik prosesə qoşulmurlar. Keçirilən konfransları boykot edirlər. Bu, gülüncdür. Özünü prosesdən kənarda saxlamaqla proses haqqında obyektiv rəy söyləmək olmaz".

Bahar Muradova YAP üzvü kimi Azərbaycandakı siyasi qüvvələrin hamısına çağırış edərək onları seçki hazırlığı prosesinə qatılmağa çağırdı: "Prosesin içində olun, haqlı-haqsız tərəflərini görün, sonra fikir bildirin. AŞPA prezidentinin Azərbaycana səfəri zamanı görüşdən yarımçıq getmək, görüşə girməmək - bu,  gülməlidir, siyasətçiyə yaraşan hərəkət deyil. Bunlar siyasi partiya rəhbərinin nüfuzuna xələl gətirən hərəkətdir". Bahar Muradova dedi ki, bu cür şəxslərin Azərbaycanda seçki prosesi və onun gələcəyi haqqında proqnoz verməsi həqiqətə uyğun deyil.

Fidan
Milli.Az