Gürcüstan dövləti koronavirusla əlaqədar karantində saxlanılan hər bir şəxsə sutkada 100 lari xərcləyir

8 May 2020 14:14

Gürcüstan dövləti koronavirusla əlaqədar karantinə alınmış hər bir şəxsə sutkada 100 lari (təxminən 30 ABŞ dolları) xərcləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin səhiyyə ilə bağlı təsdiq etdiyi dövlət proqramında məlumat verilir.

Bildirilir ki, hazırda Gürcüstanda 90 müəssisədə 5000 nəfər məcburi karantin rejimində saxlanılır. Xarici ölkələrdən gələn Gürcüstan vətəndaşları da məcburi karantinə alınırlar.

Karantin rejimində saxlanılan insanlar gündə 3 dəfə pulsuz yeməklə təmin olunur. Onlar daim həkim nəzarətindədirlər və polis həmin şəxslərin təhlükəsizliyini təmin edir.

Məlumatda qeyd edilir ki, COVID-19 virusuna yoluxmuş xəstələrə isə sutkada 120 lari (38 dollar) xərclənir.

Dövlət çarpayı sayı 80-nə qədər olan klinikalara 100 lari, çarpayı sayı 80-dən çox olan xəstəxanalara isə 120 lari ödəyir.

Bundan başqa, dövlət həkimin təyinatı əsasında insanların koronavirusla əlaqədar PTSP metodu ilə testdən keçirilməsinə 150 lari (47 dollar), təcili seroloji test yoxlamasına isə 20 lari (6 dollar) xərcləyir.

Ümumiyyətlə Gürcüstan dövləti koronavirusa qarşı mübarizə proqramının həyata keçirilməsinə 89 milyon 900 min lari (28,1 milyon dollar) maliyyə vəsaiti ayırıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda ilk koronavirusun qeydə alındığı vaxtdan - fevralın 26-dan mayın 6-dək ölkədə 615 nəfərdə koronavirus təsdiq olunub. Onlardan 275-i artıq sağalıb, 9 nəfər isə ölüb.

Hazırda ölkə üzrə 5002 nəfər karantində, 485 nəfər isə stasionarda saxlanılır.

Milli.Az