Müxalifətyönlü partiya növbədənkənar qurultay qərarı verdi
20 Aprel 2010 12:51
Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) oktyabr ayının birinci ongünlüyündə növbədənkənar qurultay keçirəcək.
Bu barədə ALDP sədri Fuad Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, qurultayın keçirilməsi haqqında qərar Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib.
"Mənim təklifim ilə parlament seçkiləri öncəsi növbədənkənar VI (III) qurultayın keçirilməsi qərara alınıb. Bununla bağlı Təşkilat Komitəsi yaradılacaq. Təşkilat Komitəsinə tapşırılıb ki, partiyanın rayon və şəhər təşkilatlarında bu məsələ ilə bağlı iş aparılsın, konfranslar keçirilsin. Qurultayda parlament seçkisinə hansı formada qatılmaq məsələsi müzakirə olunacaq" - o, deyib.
Partiya sədri bildirib ki, seçkidə birgə iştirakla bağlı ALDP-nin bir çox partiyalarla apardığı danışıqlar müxalifət düşərgəsində mövcud olan son vəziyyətə görə, müsbət nəticələnməyib. "Konkret olaraq Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası ilə danışıqlara başlamışdıq, amma müxalifət düşərgəsində başlanan qarşılıqlı ittihamlar, kompramat savaşı üzündən proseslər yarımçıq dayandırıldı. Qurultayda bu istiqamətdə də müzakirələr aparılacaq və müvafiq qərar veriləcək"- o, əlavə etdi.
F.Əliyev hesab edir ki, müxalifətin birliyə nail olmamasının əsas səbəbi bir çox qüvvələrin qeyri-səmimiliyidir. "Ötən il eyni hərəkatda təmsil olunan partiyalar bu gün tutaq ki, Ümid Partiyasını bəhanə gətirərək birlikdən yayınırlar" - partiya sədri vurğuladı.
ALDP sədri onu da əlavə etdi ki, bu gün artıq müxalifətin iki seşki bloku yarandığı üçün üçüncü, dördüncü seçki bloklarına ehtiyac yoxdur. "Biz müxalifətin ümumi birliyinin tərəfdarıyıq. Hər bir dairədə mümkün qədər müxalifətin vahid namizədlə çıxış etməsi daha məqsədəuyğun olardı. ALDP olaraq, biz də dairələrdə müxalifətin daha güclü namizədlərini müdafiə etməyi düşünürük" - deyə bildirdi.
Aydın A.
Milli.Az