Bakıda Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək

20 Aprel 2010 12:27
"Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilir. Ümumilikdə, 2010-cu ildə keçiriləcək sərgilərdə "Paşa Sığorta", "Azerfon-Vodafone", "Caspel", "Qafqaz Point Hotel", "SIAR" və "KREA" kimi şirkətlər tərəfdaş qismində çıxış edəcəklər. Sözügedən sərgi UFI - Beynəlxalq Sərgi Cəmiyyəti (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb.

Bu il "WorldFood Azerbaijan" sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 120-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi iştirakçılarının 30 faizini debütantlar təşkil edəcək. "WorldFood Azerbaijan 2010" sərgisi bir neçə tematik ekspozisiyalara bölünərək qida sənayesinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. "WorldFood Drink" bölümündə geniş çeşiddə içkilər, "SeaFood" bölümündə isə dəniz məhsulları, onların saxlanılması və daşınması ilə əlaqədar olan bütün növ xidmətlər təqdim olunacaq. "FoodPack" bölümünün stendlərində isə geniş çeşiddə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları təqdim olunacaq. "WorldFoodTech" bölümündə qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdiriləcək. Qeyd etmək lazımdır ki, bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş mini zavodlar kimi ilkin istehsal avadanlıqlarına həsr edilmiş ekspozisiyaların sayı çox olacaq. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq.

Bu il Qafqaz regionunda ilk dəfə olaraq "WorldFood Azerbaijan" sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin "halal" ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək "HalalFood Azerbaijan" sərgisi keçiriləcək. Bu gün qida sənayesinin bu sektoru ən sürətlə inkişaf edən sektorlardan biridir və  2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsulları bazarı 580 milyard ABŞ dolları təşkil edib.

Qlobal iqtisad böhran və artıq bir neçə ildir ki, ərzaq məhsulları ilə bağlı müşahidə olunan bahalıq tendensiyasının mövcud olduğu bir şəraitdə, Azərbaycan hökuməti qida və aqrar sənayelərində istehsalın bundan sonra da yüksəldilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini öz qarşısına məqsəd qoymuşdur. Bu baxımdan, "WorldFood Azerbaijan" sərgisi ilk növbədə ərzaq məhsulları bazarının inkişaf tendensiyalarını daim izləyən sənaye mütəxəssisləri üçün nəzərdə tutulub. Bununla da, istehsal və ticarət şirkətləri sərgidə iştirak etməklə faydalı işgüzar əlaqələr qurmaq və qida məhsullarının çeşidini artırmaq imkanına malik olacaqlar. Bu isə nəticə etibarı ilə bazarda məhsul bolluğu və Azərbaycanda qida məhsullarına olan tələbatın sabitləşməsinə gətirib çıxaracaq.  

Milli.Az