Səfirlik: “Qırğızıstandakı iğtişaşlarda 2 azərbaycanlı xəsarət alıb”

20 Aprel 2010 11:37
Milli.Az xəbər portalı ANS televiziyasına istinadən xəbər verir ki, bunu Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov deyib. Müşavirin sözlərinə görə, həmyerlilərimiz polislə kütlənin toqquşması zamanı təsadüfən xəsarət alıb. İ.Cabbarov onu da bildirib ki, həlak olanlar arasında azərbaycanlılar yoxdur. Müşavir Mayovka kəndində xeyli azərbaycanlının yaşadığını təsdiqləyib.

Trend-in məlumatına görə, Mayovka kəndində baş vermiş qarşıdurma zamanı xəsarət almış azərbaycanlılardan birinın adı açıqlanıb. O, əslən azərbaycanlı olan Qırğızıstan vətəndaşı Həbibov Əhməd Xəlil oğludur. Qarşıdurma zamanı onun evinə hücum edilib və evin boşaldılması tələb olunub. O bundan imtina etdiyinə görə, armaturla baş nahiyəsindən ağır xəsarət alıb.

Qeyd edək ki, aprelin 19-da gündüz saatlarında Bişkekin şimal ətrafındakı Mayovka kəndində yüzlərlə gənc iğtişaş törədərək, ev tikilməsi üçün torpaq tələb ediblər. Bişkek meri vəzifəsini icra edən İsa Omurkulovla danışıqlardan sonra vəziyyət müvəqqəti olaraq sabitləşib, lakin axşam iğtişaşlar yenidən başlayıb. Silahlı adamlar "Türk məhəlləsi"nə hücum edərək oradakı evləri dağıtmağa başlayıblar. Onlarla ev yandırılıb.

Milli.Az

Uyğun link:

Qırğızıstanda son toqquşmalarda 5 nəfər ölüb