Suma Çakrabarti: Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin

28 Aprel 2020 21:44

Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

Suma Çakrabarti bildirib:

"Cənab Prezident, sizi görməyimə çox şadam. Bu səhər Avropa Yenidənqurma və İnkişaf Bankının geniş tərkibli heyəti ilə Sizinlə görüşürük. Mənim müavinim Yurqen Riqterinki yəqin ki, xatırlayırsınız. O, bu yaxınlarda Bakıda səfərdə olmuşdur. Burada siyasət üzrə vitse-prezident Pyer Helbron, bankçılıq üzrə vitse-prezident Alan Piyu də bizimlədir. Daha sonra Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone, Qafqaz üzrə regional direktor Katerina Hansen, Azərbaycan üzrə nümayəndəliyin rəhbəri İvana Duarte, siyasi məsələlər üzrə müşavir Aleksander Pavlyuk, mənim ofisimdən Svetlana Pirkalo və nəhayət, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkələr üzrə direktor, sizin nümayəndəniz və bizim dostumuz Taşkın Temiz də buradadır.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bu, olduqca qeyri-adi bir görüş tərzidir. Biz Sizinlə istər Bakı, istərsə də Davosda dəfələrlə görüşmüşük. Biz qəribə və qeyri-adi bir dönəmdə yaşayırıq. Əvvəlcə Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər haqqında Sizdən məlumat almaq istərdik. Daha sonra isə mən və heyətim bu böhrandan ən qısa zamanda çıxmaq üçün Azərbaycana hansı dəstəyin verilə biləcəyi ilə bağlı məlumat təqdim edəcəyik. Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm və vəziyyət və görülən tədbirlər haqqında Sizdən məlumat almaq istəyirik.

Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir. Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım - bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır.

Burada Mərkəzi Bankla 50 milyon dollar məbləğində "Swap" razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürümü bildirirəm. Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik. Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.

Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir.

İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. Artıq 5 layihəni qeyd etdim, ancaq işlərimiz bununla məhdudlaşmır. Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik.

Bilirsiniz ki, biz əvvəllər həmin 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik. Onu işə salmaq istərdik. Bu barədə fikirlərinizi bilmək istərdim. Bu işləri biz Sizin hökumətinizlə irəliyə doğru aparırıq. Elektrik enerjisi şəbəkəsinə gəldikdə, biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edirik. Bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranar. Daha sonra yaşıl şəhər ideyası var. Azərbaycan yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk yaşıl şəhər layihəsi olsun.

Həmçinin Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15-25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq.

Suvarmaya gəldikdə, bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək. Eyni zamanda, biz təklif etdik ki, bu sahədə sığorta qurumu yaransın və biz onu maliyyələşdirək. Hökumətdən, həmçinin bu sahədə təsdiqləməni gözləyirik. Bundan əlavə, böyük həcmdə texniki əməkdaşlıq aparılır. Bir sıra yerli banklarla iş birliyi qurulub ki, onlara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və sair işlərdə yardımçı olaq. Biz nəinki bank sektoru vasitəsilə, birbaşa kiçik və orta sahibkarlıq subyektləri ilə də işləyirik. Böhran vəziyyətinə hansı yanaşmanı tətbiq etmək? Bu baxımdan onlara dəstək verilməlidir. Bu da normaldır. Biz bunu da etməyə çalışırıq. Qeyd etməliyəm ki, biz sizin yaşıl iqtisadiyyata keçidə bağlı olduğunuzu bilirik. Bir çox ölkələr çəkinir. Biz isə həmin ölkələr üzrə əməliyyatları genişləndiririk. Bir tərəfdən deyə bilərik, əlbəttə, yaşıl iqtisadiyyat çox yaxşıdır, lakin ölkələr deyir ki, biz axı indi böhran içərisindəyik. Əslində, biz bunu yaşıl rəngə çevrilmə adlandırırıq. Böhran zamanı belə çalışırıq ki, əlavə nəticələri əldə edək, yaşıl iqtisadiyyat inkişaf etsin. Bir sözlə, biz gələcəkdə bərpa olunan enerji təşəbbüslərini dəstəkləyəcəyik. Artıq özəl sektor öz marağını nümayiş etdirir. Bunu nəzərə almalıyıq. Enerjiyə aid qaydaları da nəzərdən keçirməklə yardım etməliyik.

Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - "İşləri məcrasına salmaq" istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır".

Milli.Az