Bakıda 4 gündə mindən çox piyada cəzalandırılıb

20 Aprel 2010 11:13
Bakı şəhərində aprelin 15-dən 19-dək "Diqqət! Piyada"adı altında yol hərəkəti təhlükəsizliyi aylığı çərçivəsində keçirilən tədbirlər zamanı 1146 piyada yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev Trend-ə bildirib ki, təhlükəsizlik aylığının ilk 4 günü Bakıda piyadalarla bağlı 14 yol qəzası qeydə alınıb və nəticədə 3 piyada dünyasını dəyişib, 16 nəfər xəsarət alıb.

Hənifəyev piyadalarla bağlı qəzaların sayının minimuma endirilməsi məqsədilə paytaxt yol polisinin təhlükəsizlik tədbirlərini gücləndirdiyini deyib.

Bakıda aprelin 15-dən mayın 15-dək "Diqqət! Piyada"adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçirilir.

Təhlükəsizlik aylığının keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi sahəsində tədbirlərin səmərəsinin artırılmasıdır.

Cari ilin 3 ayı ərzində paytaxtın küçə və yollarında piyadaların vurulması ilə bağlı 217 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 82 nəfər həlak olub, 165 nəfər isə yaralanıb.

Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 41,9 faizini, Bakı şəhərində isə 52,6 faizini təşkil edir.

Hənifəyev aprelin 15-dən 19-dək Bakıda avtomobili sərxoş idarə edən 196, qəza şəraiti yaradan 44, tabe olmayan 22, işıqforun qırmızı işığını keçən 230, nömrəsiz idarə edən 10, avtoxuliqan 13 sürücünün inzibati qaydada cəzalandırıldığını və cərimələndiyini deyib.

Bu müddətdə sərnişindaşıma sahəsində 63 yol hərəkəti qayda pozuntusu aşkarlanıb.

/Trend/