Şotlandiyada Qafqaz konfransı keçirilib

19 Aprel 2010 21:45
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Milli.Az-a verilən xəbərə görə, sözügedən Universitetin Rusiya, Sovet, Mərkəzi və Şərqi Avropa araşdırmaları mərkəzi və Böyük Britaniya Humanitar və Sosial Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş konfransda Cənubi Qafqaz ölkələrinin Böyük Britaniyadakı səfirləri, Britaniyanın, eləcə də digər ölkələrin Qafqazşünaslıq sahəsində tanınmış alimləri, "St Andrews" universitetinin tələbə-müəllim heyəti iştirak ediblər.

Səfir Fəxrəddin Qurbanov öz çıxışında ölkədə gedən siyasi-iqtisadi islahatlardan bəhs edərək, xarici siyasətimizin ümumi prinsiplərindən söhbət açıb. Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiya olunmasının prioritet istiqamət olduğunu, ölkəmizin region ölkələri ilə də sıx münasibətlərə malik olduğunu vurğulayıb. Zəngin enerji resurslarından istifadə istiqamətində həyata keçirilən tədbirlərə toxunan Səfir, ölkəmizin çox şaxəli ixrac infrastrukturunun qurulmasına nail olduğunu diqqətə çatdırıb. İqtisadiyyatın digər sektorlarının inkişaf etdirilməsinə hökumət tərəfindən xüsusi diqqət yetirildiyi və bir sıra iqtisadi göstəricilərə görə ölkəmizin müxtəlif beynəlxalq təşkilatların hesabatlarında öncül yer tutduğunu diqqətə çatdırıb.

Həmçinin o, regional münasibətlərdən bəhs edərkən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətdə regionda davamlı sülhə və əməkdaşla nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb. Hazırda davam edən sülh danışıqlarının müsbət nəticə verəcəyinə inandığını, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinin mümkün olduğunu qeyd edib.

16-17 aprel tarixlərində - iki gün ərzində davam edən konfransda Qafqaz regionunda mövcud münaqişələr, regional inteqrasiya meylləri, regionda gedən ictimai-sosial proseslər haqqında mühazirələr oxunub.

Milli.Az