Ağ Ev Davudoğlu vasitəsilə rəsmi Bakını inandıra bildimi?
20 Aprel 2010 09:10
Başına Vaşinqton havası dəymiş erməni prezident dabanına tüpürərək tez Moskvaya xəbərçiliyə qaçır...
Türkiyənin xarici işlər naziri Əhməd Davduoğlu Bakıya gəldi, Ermənistan prezidenti Serj Sərkisyan isə bu gün Rusiyaya səfərə gedir. Davudoğlunun hələ Vaşinqtonda verdiyi açıqlamasından da belə anlaşılmışdı ki, məqsəd Nüvə Sammiti zamanı aparılmış danışıqlar və əldə edilmiş razılaşmalar barədə rəsmi Bakıya məlumat verməkdir.
Sərkisyanın Rusiyaya səfərinin məqsədi barədə isə rəsmi açıqlama verilmədi.
Bu səfərlərin bir günlük fasilə ilə gerçəkləşməsi, xüsusən də Vaşinqton təmaslarından sonraya təsadüf etməsi heç də sıradan bir hal deyil. Əksinə, proseslərin gedişatına diqqət yetirsək, belə anlaşıla bilər ki, ortada məlumat alış-verişi və xəbər çatdırma kimi mühüm əhəmiyyət kəsb edən amillər var.
Təbii ki, istər Bakıda, istərsə də Moskvadakı görüşlərin təfərrüatları barədə rəsmi açıqlamalar verilmədən cəmiyyətə dəqiq informasiya çatdırmaq da çətindir. Amma istənilən halda ortada diqqəti çəkən məqamlar fonunda bir sıra mülahizələr irəli sürmək olar. İlk olaraq Əhməd Davudoğlunun artıq baş tutan Bakı səfərindən başlamaq yerinə düşər.
Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan Əhməd Davudoğlu ölkəsinin Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlət Agentliyinin yaydığı məlumaya görə, görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi vacib şərt kimi vurğulanıb, ölkələrimiz arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi dilə gətirilib. Davudoğlu Türkiyə-Ermənistan əlaqələri barədə məlumat verib. Prezident İlham Əliyev isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyət haqqında danışıb. Bu, rəsmi məlumat idi.
Bakıdakı müzakirələrdən sonra Türkiyə xarici işlər naziri dünən keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan və Azərbaycan arasında mövcud olan
problemin həlli və Azərbaycan torpaqlarının azad edilməsi Türkiyənin
məqsədlərindən biridir: "Bütün görüşlərimizdə əsas hədəf olaraq
Qafqazda sülh, təhlükəsizlik və sabitliyə əsaslanan prosesin davam
etməsini göstərdik. Madrid prinsipləri ətrafında həqiqətən çox böyük
bir fürsət pəncərəsi var. Hər kəs bu imkandan istifadə etməlidir. Artıq
zamana oynamaq yerinə hər kəsin bu prinsiplər ətrafında qalıcı bir
çözüm üçün səy göstərməsi lazımdır."
Qeyd edək ki, Bakıya gəlməzdən öncə Davudoğlu Ankarada bəyan edib ki, Ermənistan-Türkiyə protokolları ratifikasiya olunmadan Türkiyə Ermənistan ilə sərhədləri açmayacaq: "Gələcəkdə siyasət bütün tərəflərin baxışlarını nəzərə alaraq, belə gizli deyil, daha sakit olacaq. Türkiyə Ermənistan ilə münasibətlərin normallaşması prosesinə və imzalanan bütün sənədlərə sadiq qalır" - Davudoğlu belə deyib.
Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyənin protokollar ratifikasiya edilmədən Ermənistan ilə sərhədləri aça bilməsi haqqında bəyanatına gəldikdə isə, Davudoğlu bu suala da dünən Ankarada cavab vermişdi. Türkiyə rəsmisi Sarkisyanın bu fikirlərini qəti şəkildə inkar edib və deyib ki, bu sözlərlə erməni prezidenti öz ümid və arzularını bildirib: "Protokollar təsdiq edilmədən sərhədlərin açılması heç bir halda Türkiyənin gündəliyinə daxil deyil".
Türkiyənin XİN başçısı Vaşinqtondan sonra Azərbaycana səfər etməklə sözsüz ki, oradakı görüşlər barədə Azərbaycan rəhbərliyinə birbaşa özü məlumat verib. Bu məlumatların da əsas ağırlığı iki istiqamətdə ola bilər. Düzdür, ümumi məzmun yenə də Qarabağ məsələsinə bağlıdır. Yəni, istiqamət iki olsa da, məzmun birdir. Şübhəsiz, Davudoğlu Azərbaycan rəsmiləri ilə görüşündə Amerikada aparılmış Türkiyə-Ermənistan danışıqları, onun nəticələri və nələrdən ibarət olduğu, ən əsası isə Qarabağ münaqişəsinin həllinə dair tərəflərin mövqelərini müzakirə edib və bu barədə məlumat verib. Ancaq işin bir başqa maraqlı tərəfi odur ki, sözügedən şəxs ABŞ-ın da Azərbaycana olan mesajlarını çatdırmağa çalışıb. Ələlxüsus, indiki məqamda bunun zəruri olduğu daha çox diqqəti çəkir.
Məlumdur ki, hal-hazırda Azərbaycan tərəfi ABŞ-ı Qarabağ məsələsində qınayaraq, rəsmi Vaşinqtonu münaqişənin həllinə yetərli qədər təsir göstərmədiyini deyir. Eyni zamanda, rəsmi Bakının Türkiyənin iki həftəlik israrlarına rəğmən, Vaşinqtonda keçirilən Nüvə Sammitinə dəvət edilməməsi də odun üzərinə körüklə getmək effekti yaradıb. Belə olan təqdirdə, Ağ Ev Bakıya öz mesajını ən yaxın yolla çatdırmağı sınaqdan keçirərək, bu işi Türkiyəyə həvalə edə bilər. Elə Davudoğlunun Vaşinqtonda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamasından da bunun bəzi işartıları diqqəti çəkib ki, hələlik onu da tam qəti söyləmək bir qədər çətindir.
Deməli, Türkiyənin XİN başçısının Azərbaycan səfərinin arxasında Nüvə Sammiti zamanı Türkiyə-Ermənistan danışıqları və protokollar barədə məlumat verməklə yanaşı, həm də Bakıya çatdırılacaq mesaj məsələsi də var. Həmin mesajın da mahiyyəti bundan ibarət ola bilər ki, Ağ Ev bundan sonra Qarabağ məsələsi ilə yaxından maraqlanacaq. Sadəcə, bunun üçün Azərbaycanın Türkiyə-Ermənistan danışıqlarına "mane olmaması" istənilir.
Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərinə gəldikdə isə bunu da sıradan bir hal olaraq qəbul etmək mümkün deyil. Ən azından, Rusiyanın forpostu kimi çıxış edən Ermənistan rəhbərliyi bütün məsələləri Moskva ilə razılaşdırmadan hərəkət etmir. Belə olan təqdirdə, Sərkisyanın Moskva səfərini çuğulçuluq kimi qiymətləndirmək daha doğru səslənərdi. Çünki Vaşinqtonda keçirilən görüşlərin təfsilatı ilə bağlı Kremlə məlumat çatdırmaqla üzərinə düşən "mənəvi yük"dən azad olmaq barədə düşünən Sərkisyan, həm də bir sıra tapşırıqlar almamış geri dönməyəcək. Yəni, Ermənistan tərəfi bundan sonra da Rusiyanın təlimatı üzrə hərəkət edəcək ki, buna görə də, onların başına ağıl qoyulması lazımdır.
İndi isə keçək Türkiyə və Ermənistanda bütün baş verənlərə sərgilənən münasibətlərə. Ermənistanda Vaşinqton təmaslarından sonra əksər ekspertlər və siyasətçilər elə düşünürlər ki, artıq Ankara İrəvanın nazı ilə oynamağa başlayacaq. Ermənistan Respublikaçılar Partiyasının rəsmisi Lernik Aleksanyanın açıqlamasından da aydın görünür ki, erməni iqtidarı Türkiyəni artıq küncə sıxışdırdığını yəqin etməyə başlayıb. "Ermənistan Vaşinqtonda bir daha nümayiş etdirdi ki, onun protokollarla bağlı mövqeyi dəyişməzdir. Bu hadisələrdən sonra tam aydınlaşdı ki, Ermənistan-Türkiyə münasibətlərində artıq diplomatik intriqalar işə yaramayacaq. Bunun üçün konkret addımlar atılması lazım olacaq".
Bir başqa "respublikaçı" Qaqik Melikyan isə bir qədər də irəliyə gedərək belə hesab edir ki, Türkiyə artıq Ermənistanla şərt dilində danışa bilməyəcək. "Məndə olan məlumata görə, Sərkisyan Obamadan "ermənii soyqırımı"nı tanımaq üçün xahiş edib. Və o da məlum olub ki, Amerika yaxın gələcəkdə "soyqırımı" qəbul edəcək. Türkiyə isə daha əvvəlki mövqeyini ortaya qoya bilməz. Çünki beynəlxalq ictimaiyyətin qarşısında cavab verməli olar".
Ermənistan hakimiyyətinə yaxın olan bir başqa mənbə isə yaydığı açıqlamasında bəyan edir ki, Azərbaycan Qarabağ məsələsinin həlli ilə bağlı bütün məsuliyyəti Türkiyənin üzərinə qoyub. Ermənistan Müdafiə Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin rəhbər müavini Vaqram Ter-Matevosyan iddia edir ki, Ankara və Bakı artıq antierməni şəbəkəsi formalaşdırır.
Ermənistanda siyasi çevrənin üç yerə bölünməsindən irəli gələrək, son olaylara hər üç prizmadan baxmaq daha məqsədəuyğundur. Çünki hər üç tərəfin fikirlərini öyrənmədən bir sıra mətləbləri proqnozlaşdırmaq xeyli çətin olur. Yuxarıda qeyd olunan fikirlərin Ermənistan hakimiyyətinə bağlı olduğunu nəzərə alarsaq, o zaman ikinci qanadın mövqeyini diqqət mərkəzinə çəkmək yerinə düşərdi. Söhbət təbii ki, erməni diasporundan gedir. Avropa Erməni Federasiyası kimi tanınan "Ay-Dat" təşkilatının rəhbəri Hilda Çoboyanın fikirlərinə diqqət yetirdikdə diasporun bundan sonra nə istədiyini yəqin etmək elə də çətin olmaz. Çoboyan deyir ki, bundan sonrakı mərhələdə Türkiyə yalnız Ermənistanın tələbləri ilə hərəkət etməli və şərtlərini qəbul etməlidir. Onun iddiasına görə, Ankara artıq anlayıb ki, bundan sonra beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməlidir və Ermənistanla şərt dili ilə danışmamalıdır.
Diasporun bir başqa qanadı olan və hal hazırda Ermənistanın içində gücləndirdiyi Daşnaksütun Partiyası isə aprelin 22-də böyük bir tədbir keçirməyi planlaşdırır. Protokollar əlieyhinə təşkil olunancaq tədbirdə ölkənin aparıcı partiyalarının iştirakı gözlənilir. Həmin yığıncaqda həmçinin daşnakların Türkiyə-Ermənistan protokolları ilə bağlı mövqeyi, o cümlədən əldə olunacaq razılaşmalardan sonra atılacaq addımları müzakirə olunacaq. Buradan aydın görünür ki, erməni diasporu üzdə bir şey, arxada isə başqa bir planın icrası ilə məşğuldur.
Hərçənd bunun fonunda Ermənistan hakimiyyəti də diasporla münasibətlərini tənzimləmək üçün yığıncaq keçirməyi düşünür. "Noravank" Elmi-Araşdırma Fondunun rəhbəri Qaqik Arutyunyanın verdiyi məlumata görə, Türkiyə-Ermənistan protokolları məsələsində yeni mərhələ başlayıb və bu prosesi tam başa çatdırmaq üçün hakimiyyətlə diaspor arasındakı əlaqələri gücləndirmək lazımdır. "Ermənistanın hazırkı mövqeyi uduşlu şəraitdən xəbər verir. Eyni zamanda, aydın şəkildə görünür ki, Ermənistanın xarici siyasəti yeni keyfiyyətli mərhələyə qədəm qoyub. Ancaq Qarabağ münaqişəsi həll olmadan bu münasibətlərin düzələ biləcəyini də düşünmək bir qədər çətindir".
Ermənistandakı siyasi qütübləşmənin üçüncü tərəfi kimi çıxış edən müxalifət isə tamam başqa fikirdədir. Onların ümumi rəyi budur ki, İrəvanda "qırğız modeli" gerçəkləşəcək və bunun üçün artıq yetərli qədər zəmin var. Ermənistan Marksist Partiyasının rəhbəri David Akopyan keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanı Qırğızıstan ssennarisi gözləyir. "Bu gün büdcə boşdur. Yekatrinanın dediyi kimi, əgər büdcə varsa, dövlət də var, əgər büdcə yoxdursa, deməli dövlət də yoxdur. Bütün pullar isə parlament və hökumətdə təmsil olunan oliqarxların əlindədir".
Akopyanın fikrincə, Ermənistan hakimiyyəti öz varlığını qondarma "soyqırım" və Qarabağ məsələsi ilə qorumağa çalışır. "Ermənistan hakimiyyəti kimi aldadır? Bu gün ölkənin bütün problemləri həll olmuşdu, qalmışda soyqırım və Qarabağ məsələsi. Qarabağ danışıqları üzrə aparılan diplomatik danışıqlar isə hakimiyyətin özünü qoruması üçün bir vasitədir və boş şeydir".
Ermənistan ictimaiyyətinə gəldikdə isə onların mövqeyi tamamilə ayrıdır. Xüsusən də Türkiyə-Ermənistan yaxınlaşmasına olan münasibətində ciddi fərqlər var. Sosioloqlar Assosasiyasının rəhbəri Gevorq Poqoyan deyir ki, bu ilin fevral-mart aylarında İrəvan və bəzi rayonlarda sorğular keçiriblər. "Fevralda 1000 nəfər arasında, martda isə 500 adam arasında sorğu keçirmişik. Protokol məsələsinə əhalinin münasibəti isə hər ay aşağı düşür. Həmin sorğuların nəticələrindən belə anlaşılır ki, erməniləri protokol məsələsi qəti maraqlandırmır. Həmçinin ermənilər övladlarının Ermənistanda qalmasını istəmirlər. Çünki onlar ölkənin gələcəyinə inanmırlar".
Bəs, Türkiyədə nə düşünürlər? Əvvəlki dövrlərdən fərqli olaraq qardaş ölkədə iki tendensiya diqqəti çəkir. Birinci tendensiya protokol məsələsində Ankaranın apardığı siyasətin yanlış olmasından ibarətdir. "Yeni Mesaj" qəzetinin eksperti Orhan Dədə deyir ki, sərhədlərin açılmasından ermənilər xeyir qazanacaq. Dədə vurğulayır ki, Vaşinqtonda keçirilən görüşün bəhrəsini Ermənistan artıq toplamağa başlayıb. "Diqqət yetirin, AKP hökuməti aylardır erməni açılımı məsələsini gündəmə gətirib. Vaşinqton görüşündən sonra isə Ermənistan açıq şəkildə bəyan etməyə başlayıb ki, protokollar imzalanmadan da sərhədləri açmaq olar. Bəziləri düşünür ki, Türkiyə hökuməti bu işi sürətləndirməklə 24 apreldə Obamanın məlum sözü deməməsini təmin etməyə çalışır. Əslində isə belə deyil. Sadəcə, Ankara bu prosesi yekunlaşdırıb, üzərinə qoyulan işi başa çatdırmağa çalışır".
Orhan Dədə daha sonra onu da bildirir ki, Türkiyə hətta erməni diasporunun qarşısını almaq üçün bunu edirsə belə, yanılır. Onun sözlərinə görə, erməni tərəfi dəfələrlə bəyan edib ki, heç bir halda "soyqırım" məsələsindən imtina etməyəcək və bundan sonra da Türkiyəyə təzyiqlərini artırmağa davam edəcək. "Sərhəd açılacağı təqdirdə onu bağlamaq mümkün olmayacaq. Bunun isə Ermənistandan başqa kimsəyə faydası yoxdur. Belə olan halda, AKP hökuməti başlatdığı yanlış yoldan geri dönməlidir".
Bu birinci tendensiyanın təzahürü olaraq diqqəti çəksə də, ikinci tenedensiya da artıq sürətli şəkildə ictimai rəyə təsirini göstərməkdədir. Bir müddət əvvəl "Milliyet" qəzetinin köşə yazarı, tanınmış jurnalist Mehmet Ali Birandın yazısı ilə ortalıq qarışsa da, ondan əvvəl "Star" qəzetinin yazarı "erməni soyqırımı"nı tanıdığını bəyan etmişdi. Artıq bu cərgəyə "Vətən" qəzetinin yazarı Cengiz Oktar da qoşulmaqdadır. "Anadolu diasporu" başlıqlı yazısında Türkiyədə yaşayan ermənilərin sayının azaldığı və bunun da 1915-ci il hadisələri ilə bağlı olduğunu qələmə alan Oktar iddia edir ki, hazırkı erməni diasporunu "xoxan" və "düşmən" obrazında təsəvvür etmək olmaz. Onun sözlərinə görə, yavaş-yavaş formalaşan Ermənistan siyasətində diaspora "zavallı" Ermənistan və "günahkar" Türkiyə fikrini formalaşdırmaqdadır. "Amma biz onları heç də "varlı adamlar", "fəsad yuvası" olaraq görməkdən imtina etməliyik. Çünki bu diasporun içində elə təşkilatlar var ki, onlar həqiqətən də Türkiyəni sevir".
Bu "sevgi"ni haradan ortaya çıxardığını izah etməyən Oktar daha sonra onu da iddia edir ki, bu gün Türkiyədə yaşayan ermənilər onların nəvələridir. "Bugünkü Anadolu erməni diasporu canını qurtaran ilk nəsildən fərqli olaraq, danışır, maraqlanır. Gözlədikləri şeylər də fərqlidir. Harada olursa olsunlar yenə də ağılları Türkiyədədir".
Bütün bunların yekunu olaraq bir məsələni də diqqətinizə çatdıraq ki, artıq Türkiyənin özündə də həmin yazılara olan münasibətlə bağlı olduqca maraqlı bir arqument ortaya qoyulmaqdadır. Bu gün Ankara mətbuatı dolayısı ilə vurğulayır ki, ermənilərin tərəfini saxlayan türk yazarların böyük bir qismi Amerikapərəst olduqlarından, bu cür fikir formalaşdırma cəhdləri ilə bağlı təlimatları da elə oradan ala bilərlər. Hələlik bunu təsdiq edəcək heç bir məqam olmadığından deyilənləri sadəcə, fərqli şərh olaraq qəbul etmək məcburiyyətindəyik.
Fikrət Fəraməzoğlu
Milli.Az
Uyğun link:
Türklər Bakıda, ermənilər Moskvada məsləhətləşir