Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas sülh sazişi üzrə işə başlamağı təklif edir

7 Dekabr 2011 02:18
Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsi üzrə təklifi mövcuddur. Bunu çərşənbə axşamı Vilnüsda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib, ELTA müxbiri xüsusi olaraq Trend üçün məlumat verib.

"Rusiyanın təşəbbüsü ilə, 2009-cu ilin dekabr ayından başlayaraq danışıqlar üçtərəfli formatda, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri səviyyəsində davam ediblər. İki ay ərzində kifayət qədər intensiv məsləhətləşmələr davam edirdi. Təəssüf ki, Kazandakı son görüş hamının gözlədiyi nəticə - danışıqlardakı sıçrayış və münaqişənin mərhələli həll olunması əvəzinə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə başa çatmayıb" deyə Məmmədyarov vurğulayıb.

Azərbaycanın XİN başçısı Vilnüsdə ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak edir.

Məmmədyarovun sözlərinə görə, baxmayaraq ki, bu məsələ öz qəti həllini tapmayıb, ATƏT-in üzv ölkələrinin XİN başçılarının bir çox çıxışlarında qeyd olunur ki, danışıqlarda sıçrayışa nail olmaq zəruridir və bəyanatda vurğulanır ki, münaqişədə hazırki status-kvo qəbulolunmazdır.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Vilnüsdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti, eləcə də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işləri Edvard Nalbandyan birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olunmasının vacibliyini təsdiq ediblər.

ATƏT-in Xarici İşlər Nazirləri Şurası iclasının nəticələrini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərdən şərh edən Məmmədyarov qeyd edib ki, ancaq danışıqlarda sıçrayışa nail olunanda bu iclası uğurla adlandırmaq mümkün olacaq.

"Əgər biz deyirik ki, demokratiya, insan hüqüqları, qanunun hökm sürdüyü Avrasiya məkanında yaşayırıq, ərazilərin Ermənistan tərəfindən işğal olunmasına bəraət qazandırmaq çox çətindir" deyə Azərbaycan XİN başçısı bildirib.

Onun sözlərinə görə, son yeddi ildə tərəflər danışıqları xüsusilə intensiv olaraq aparırlar, çünki "Praqa prosesi" başlayıb və bu kontekstdə "Madrid prinsipləri" daha konkret nəticələr verib. Onların son variantı həmsədrlər - ABŞ, Fransa və Rusiya tərəfindən 2009-cu ildə Afinada ATƏT-in nazirlər görüşündə təqdim olunmuşdu.

"Həqiqətdə bu prinsiplər 2004-cü ildə başlanmış danışıqların nəticəsidir. Onlar yeni sülh sazişinın parametrlərini müəyyən etmək üçün bazisi təşkil edir", Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi növbəti mərhələyə keçmək və əsas sülh sazişi üzrə işə başlamağı təklif edir.

"Bu münaqişə çox hərtərəflidir, çox mürəkkəbdir, etibarın möhkəmlənməsi üzrə tədbirlərlə bağlı çox vacib məsələlər var. Çox ciddi hərbi amil, silahlı toqquşmalar mövcuddur, qoşunları çıxarmaq, dağıdılmış torpaqları bərpa etmək, köçürülmüş şəxsləri geri qaytarmaq, böyük maliyyə problemlərini həll etmək lazımdır. Bunun çox mürəkkəb proses olmasını anlayaraq, artıq böyük saziş üzrə işə başlamaq lazımdır. Bu, ən vacibdir və biz bunu hazırda həmsədrlərlə birgə müzakirə edirik" deyə Azərbaycan XİN başçısı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Milli.Az