Vulkana görə Bakıda daha bir idman turniri təxirə salındı
19 Aprel 2010 17:50
Aprelin 20-dən 23-dək Bakıda keçirilməsi nəzərdə tutulan yeniyetmə və gənclər arasında "AGF (Azərbaycan Güləş Federasiyası) Kuboku" beynəlxalq turniri Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettinin qərarına əsasən təxirə salınıb.
Buna səbəb İslandiyada Eyyafyatlayokudl vulkanının fəaliyyəti nəticəsində Avropa ölkələrinin əksəriyyətində təyyarə reyslərinin müvəqqəti ləğv edilməsidir.
"AGF Kuboku" beynəlxalq turnirində iştirak edəcək komandaların Bakıya gəlişində yaranmış problemləri nəzərə alaraq federasiya turnirin keçirilmə vaxtında dəyişiklik edib.
Turnirin keçirilmə vaxtı hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, eyni səbəbdən Bakıda keçiriləcək gənclər arasında boks üzrə dünya çempionatının da vaxtı dəyişdirilib.
/AzərTAc/