Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

9 Aprel 2020 15:56

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisdə videohesabat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeniləşmə istiqamətində atdığı addımların fonunda Nazirlər Kabineti öz fəaliyyətini daim təkmilləşdirməyə, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarların ardıcıl və səmərəli icrasına çalışır:

"İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmişdir. Bu islahatların uğurla realaşdırılmasının və milli iqtisadiyyatın davamlı inkişafının ən vacib şərtlərindən biridir. Əminəm ki, bizim birgə fəaliyyətimiz bundan sonra da sistemli və ardıcıl şəkildə davam etdiriləcək.

Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr dəyişiklikləri digər qurumlar kimi Nazirlər Kabinetinin fəaliyyətinə də yeni impuls verməkdədir. Biz ölkənin ali rəhbərliyinin Nazirlər Kabinetinə dəstəyini və etimadını yüksək dəyərləndirir və yaradılan bu imkandan daha səmərəli istifadə edilməsini əsas vəzifəmiz hesab edirik. Çünki, bu dəstək və etimad həm də böyük məsuliyyət deməkdir.

Əli Əsədov vurğulayıb ki, 2019-cu il müasir Azərbaycanın tarixinə köklü islahatlar ili kimi daxil olub:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır.

Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Dünya Bankı tərəfindən 2020-ci il üçün dərc olunan "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer almışdır.

Əvvəlki illər kimi hesabat dövrü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur. Əldə olunan müsbət nəticələri, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, sosial-iqtisadi inkişafla bağlı strateji hədəflərin dəqiq müəyyən edilməsi şərtləndirmişdir.

Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir.

Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilmişdir. Belə ki, 2018-ci illə müqayisədə Ümumi Daxili Məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz artmışdır.

Hesabat ilində əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olmuşdur.

Xüsusi olaraq qeyd etmək istərdim ki, makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin həyat səviyyəsinin qorunması məqsədi ilə hökumət inflyasiyanın minimal səviyyədə saxlanılmasına böyük əhəmiyyət verir. Həyata keçirilən tədbirlər nəticəsində inflyasiyanın səviyyəsi 2019-cu ildə 2,6 faiz təşkil etmişdir.

Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz təşkil etmişdir. Perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaqdır.

2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artmışdır. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil etmişdir. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əmək haqqı isə 14 faiz bəndi üstələmişdir.

Dövlət büdcəsinin gəlirləri 24,2 mlrd. manat və ya 104,5 faiz, xərcləri isə 24,4 mlrd. manat və ya 97,0 faiz səviyyəsində icra olunmuşdur.

Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlmiş, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 mlrd. dollara çatmış və ÜDM-in həcmini üstələmişdir. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötmüşdür.

Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 mlrd. 91 mln. ABŞ dolları təşkil etmişdir. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil etmişdir.

Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artmışdır. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşmışdır.

Dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilmiş infrastruktur və sosial təyinatlı layihələr regionların inkişafına, əhalinin iqtisadi və sosial ehtiyaclarının ödənməsinə mühüm töhfə vermişdir.

Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 mlrd. ABŞ dolları, o cümlədən ixrac 19,5 mlrd. dollar, idxal isə 13.7 mlrd. dollar təşkil etmiş, nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranmışdır. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artmışdır".

Baş Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu sənayeləşmə siyasəti həyata keçirilib, çoxsaylı müasir istehsal sahələri yaradılıb:

"Ümumilikdə, son 16 il ərzində qeyri-neft sənayesində istehsalın həcmi 2,5 dəfə artmışdır. 2019-cu ildə isə 1,8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Ötən il ölkə sənayesi üçün əlamətdar hadisə kimi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR Karbamid" zavodunun və "SOCAR Polimer" zavodunun istifadəyə verilməsini qeyd etmək olar.

Ölkəmiz kosmik sənayenin inkişafında da mühüm nailiyyətlər əldə etməkdədir. Kosmik sənaye üzrə ən əlamətdar hadisə Bakı şəhərinin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmasıdır. Artıq orbitə buraxılmış üç peyk həm də ölkəmizin ixrac potensialının artırılmasına xidmət edir.

Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət büdcəsindən 639 mln. manat məbləğində pul vəsaiti vaxtı keçmiş kredit borclarının ödənilməsinə yönəldilmişdir.

2019-cu ildə əhalinin, xüsusən də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə geniş sosial paket reallaşdırılmışdır. Belə ki, sosial müavinət və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz artırılmışdır.

Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Qeyd olunan artımların maliyyə tutumu 2,3 mlrd. manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə etmişdir.

2019-ci ildə sosial siyasətin ən mühüm hadisələrindən biri də icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olmuşdur. Bunu, Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək olar. İcbari tibbi sığorta sisteminə keçidin əsas məqsədi əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil etmək, sərf olunan xərclərin daha ədalətli və səmərəli bölgüsünü təmin etməkdir.

Məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədi ilə son 16 il ərzində dövlət tərəfindən genişmiqyaslı işlər görülmüş, müasir yaşayış kompleksləri, qəsəbələr salınmışdır.

Şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi sosial təminat sahəsində cənab Prezidentin irəli sürdüyü önəmli təşəbbüslərdən biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin 18 min vərəsəsinə tam şəkildə ödənilmişdir.

Məlum olduğu kimi ötən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında dağıdıcı zəlzələ baş vermişdir. İnsan itkisi olmasa da, xeyli sayda ev dağıntıya məruz qalmışdır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zəlzələnin fəsadları qısa bir müddətdə aradan qaldırılmış, yüzlərlə yeni ev tikilmiş və ya təmir olunaraq bərpa edilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər ötən il uğurla icra olunmuşdur.

Hesabat ilində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci illə müqayisədə kənd təsərrüfatı istehsalı 7,2 faiz artmışdır.

2019-cu ildə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların istifadəyə verilməsi, nasos stansiyalarının, magistral su kanallarının və digər obyektlərin tikintisi davam etdirilmişdir.

Nəqliyyat infrastrukturunu inkişaf etdirməklə ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin ən vacib şərtlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi açıq dənizə çıxışı olmayan Azərbaycan bu gün nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 16 il ərzində nəqliyyat sektorunda mühüm layihələr həyata keçirilmiş, bu sahəyə irihəcmli investisiyalar yönəldilmişdir.

2019-cu il həm də TANAP qaz kəmərinin istismara verilməsi ilə əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi tarixində mühüm nailiyyətlərdən biri kimi qeyd edilməlidir. Bu dəhlizin sonuncu layihəsi olan TAP layihəsi icra olunmaqdadır.

2019-cu ildə informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu xidmətlərin əksəriyyəti əhali tərəfindən istehlak edilmişdir və əldə olunmuş gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşmüşdür. 2019-cu ilin mart ayında Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq 400 km uzunluğu olan Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında Saziş imzalanmışçdır. Noyabr ayında isə Aktau şəhərində həmin kabel xəttinin inşasına başlanılması ilə əlaqədar təməlqoyma mərasimi keçirilmişdir.

Ötən il milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi fonunda hərbi potensialımız və ölkəmizin müdafiə qabiliyyəti də güclənmişdir. Bu sahə daima Azərbaycan Prezidentinin və Hökumətinin ən prioritet sahəsi olaraq qalır.

Əli Əsədov, həmçinin koronavirus pandemiyasının doğurduğu risklərdən, dünya neft bazarında dalğalanmaların milli iqtisadiyyatımıza mənfi təsirlərindən danışıb:

"Bildiyiniz kimi, koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün cənab Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılmışdır.

Nazirlər Kabineti "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq etmişdir. Hazırda nəzərdə tutulmuş silsilə tədbirlər ardıcıl qaydada həyata keçirilməkdədir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar vardır. Eyni zamanda, onların yerli istehsalının təşkili istiqamətində də konkret işlər görülüb.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə uyğun olaraq 2020-ci il martın 14-dən etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini elan etmişdir. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi və 2 aprel tarixli Qərara əsasən aprelin 5-dən 20-dək hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Bu tədbirlərin tətbiqi qaçılmazdır".

Baş Nazir əlavə edib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir:

"Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin, Hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik istifadə olunacaqdır.

Cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərənacamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Təsdiq olunmuş vahid Tədbirlər Planı Hökumət tərəfindən vaxtında və tam həcmdə icra olunacaqdır.

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi - bütün görülən işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür - biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq".

Əli Əsədov sonda qeyd edib ki, parlament tərəfindən qəbul edilən qanunlar sosial-iqtisadi və institusional inkişafın hüquqi bazasını təmin edir:

"Təsadüfi deyildir ki, martın 10-da VI Çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində Möhtərəm Cənab Prezident ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara Milli Məclisin də töhfə və təkan verməli olduğunu bildirmişdir. Heç şübhəsiz, qanunvericilik bazası müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməli, yeni prioritetlər və hədəflərlə uzlaşdırılmalı, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu daha da artmalıdır.

Dövlət başçısının tövsiyələrini nəzərə almaqla biz Parlamentlə Nazirlər Kabinetinin daha səmərəli və konstruktiv əməkdaşlığı, birgə fəaliyyəti üçün zəruri olan bütün tədbirləri görmək əzmindəyik".

Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndərilib.

Milli.Az