Hikmət Hacıyev: Ölkəmizin ərzaq təminatı üçün bütün kompleks tədbirlər görülür

8 Aprel 2020 18:49

Azərbaycan tərəfindən görülən tədbirlər kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində şəxsən dövlət başçımızın rəhbərliyi və tapşırığı altında Azərbaycan tərəfindən bütün sahələrdə olduğu kimi, ölkəmizin ərzaq tədarükünün davamlı şəkildə təchiz edilməsi ilə əlaqədar tədbirlər görülüb və zəruri ehtiyatlar təmin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, digər ölkələrdə müəyyən panik əhval-ruhiyənin yaşanması, həmçinin supermarketlərdə boşluqların olması kimi hallar gördük:

"Ancaq Azərbaycanda bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi. Həmçinin idxal-ixrac əməliyyatlarının davamlılığını təmin etmək üçün aidiyyəti tərəfdaşlarımızla əməkdaşlığımız davam edir. Azərbaycan ərazisindən tranzit olmaqla, həmçinin Azərbaycan idxal məntəqəsi olmaqla bütün beynəlxalq tərəfdaşlarımızla beynəlxalq daşımalar həyata keçirilir.

Hətta son 2-3 ayın statistikasına baxsaq, burada əsaslı artım görə bilərik. Məsələn, son 2-3 ay ərzində ölkəmizin ərazisindən 5 mindən artıq yük maşını keçib. Bu istər Türkiyə-Mərkəzi Asiya istiqamətində, o cümlədən Azərbaycan hədəf məntəqəsi olmaqla olub. Ona görə ölkəmizdə ərzaq təchizatının təminatı ilə əlaqədar bütün kompleks tədbirlər görülür və qarşıdan gələn dövrlər ərzində də uzun müddətli əsasda müvafiq kontraktlar da bizim əsas tərəfdaşlarımızla bağlanılır".

Milli.Az