Finlandiya Səhiyyə və sosial təminat institutu əhali arasında COVID-19 koronavirusunun yayılmasını anticisimlərə random testlərin köməyi ilə izləməyə başlayır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ölkənin ictimai səhiyyə orqanlarında bildiriblər. Tədqiqatçıların məqsədi ölkədə koronavirusa qarşı anticisimlərə malik olan sakinlərin sayını müəyyən etməkdir. Anticisimlər - viruslar kimi patogen mikroorqanizmlərin neytrallaşdırılması üçün orqanizmin immun sistemi tərəfindən istifadə edilən hüceyrələrdir. Beləliklə, Finlandiya əhali arasında epidemiyanın gizli hissəsini tapmağa çalışacaq, çünki bu yeni koronavirus daşıyıcılarının çoxunda yoluxma simptomları zəifdir və ya ümumiyyətlə bu simptomlar yoxdur, ona görə də həmin daşıyıcılar test yoxlaması keçmirlər.
Fəaliyyət planına əsasən, indi Finlandiyanın əsas xəstəxanaları təsadüfi üsulla seçilmiş, bütün yaş qruplarına aid vətəndaşlarda anticisimlərin mövcudluğunu yoxlamaq üçün onlara dəvət məktubları göndərəcəklər.
Birinci testlər virus daşıyıcılarının əksəriyyətinin yaşadığı paytaxt regionunda - Helsinkidə aparılacaq.
Qeyd edək ki, Finlandiya Səhiyyə və sosial təminat institutu insanın qanında anticisimlərin səviyyəsini, həmçinin viruslarla mübarizə aparan hüceyrələrin insan orqanizmində neçə müddət qalmasını ölçmək istəyir. Testlərin nəticələri COVID-19 koronavirusunun yayılmasını dayandırmaq üçün görülməli tədbirlər barədə qərar qəbul edilməsində hökumətə kömək məqsədilə istifadə olunacaq.
Milli.Az