Yevlaxda yeni ildə yeni avtovağzal binasının istismara veriləcəyi gözlənilir

5 Dekabr 2011 22:06
Mili.Az xəbər portalının EL TV kanalına istinadən verdiyi məlumata görə, inşasına 2010-cu ilin may ayında başlanmış Yevlax şəhər avtovağzalında işlərin yeni ilə qədər başa çatdırılması nəzərdə tutulub. Bunun üçün ərazidə 7 briqada çalışır. Yeni avtovağzal əsas
binadan, avtobus dayanacaqlarından və kafedən ibarət olacaq. Bundan başqa, ərazidə bir çox yardımçı binalar - iki su anbarı, elektrik yarımötürücü stansiyası və qazanxana da tikilib.

Artıq ərazidə son tamamlama işləri gedir. Avtovağzalda texniki xidmət məqsədilə avtoservis də istifadəyə veriləcək. Təbii ki, avtoyuyucu da yaddan çıxarılmayıb. Əsas binada ailə, ana və uşaq otaqları, kassalar, dispetçer otağı, mühafizəçilər üçün yer və s. olacaq. Təhlükəsizlik kameraları da nəzərdə tutulan yeniliklər sırasındadır. Yeni avtovağzal yeni avtobuslarla fəaliyyətə başlamalıdır. Buradan ölkənin bir sıra şəhər və rayonlarına avtobus reysləri həyata keçiriləcək.

Avtovağzalın ümumi görünüşünü gözəlləşdirmək məqsədilə ərazidə park salınacaq və fəvvarələr quraşdırılacaq.

Milli.Az