Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür

6 Aprel 2020 20:35

Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, məhkumların əfv edilməsi Ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir:

"Təsadüfi deyil ki, bu günə qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib. Bu sadəcə statistika deyil, həmin sayda ailənin sevinci deməkdir. Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı, bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki, bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altındadır. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir".

H.Babaoğlu əlavə edib ki, dövlət başçısı tərəfindən məhz belə kritik məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür:

"Ancaq bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyllənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər".

Milli.Az