“Ümmətin alimi” ləqəbli səhabə - Abdullah ibn Abbas

7 Aprel 2020 22:45

Abdullah ibn Abbas Həzrət Mühəmməd Peyğəmbərin (s)  əmisi oğludur. Atası Abbas ibn Əbdülmüttəlib, Peyğəmbərin (s) atası Abdullahla atabir-anaayrı qardaş idi. Əllamə Məclisi "Bihar əl-ənvar" kitabında İbn Şəhraşubun "Mənaqib" əsərinə istinadən yazır ki, Əbdülmüttəlibin 10 oğlu və 7 qızı vardı; yəni Həzrət Mühəmməd Peyğəmbərin (s) 9 əmisi və 7 bibisi vardı. Əbdülmütəlibin oğullarının adları bunlardır: Haris, Zübeyr, Həcl (digər adı Ğeydaq), Zirar (digər adı Nofəl), Müqəvvəm, Əbu Ləhəb (əsil adı Əbdül-Üzza), Abdullah (Peyğəmbərin atası), Əbu Talib (İmam Əlinin (ə) atası), Həmzə və Abbas. (Əllamə Məclisi daha sonra Peyğəmbərin (s) əmilərinin sayı barədə fərqli fikirlərin olduğunu da yazır və həmin variantları qeyd edir). Bu qardaşların hər biri Əbdülmütəlibin fərqli qadınlarla izdivacından doğulmuşdu; yalnız Abdullahla Əbu Talibin anası eyni qadın idi (Əmr qızı Fatimə). Peyğəmbərin (s) bəzi əmiləri kiçik yaşlarında ikən vəfat etmiş, bəzilərinin nəsli qalmamışdı. Peyğəmbərin (s) dörd əmisinin nəsli davam etmişdir: Əbu Talib, Həmzə, Abbas və Əbu Ləhəb.

Abbas həm də Əbdülmüttəlibin ən kiçik oğlu sayılır. Belə ki, Abbasla Həzrət Mühəmməd Peyğəmbər (s) əmi-qardaşoğlu olsalar da, aralarında cüzi yaş fərqi vardı. Abbasın o həzrətdən 3-4 yaş böyük olduğunu yazırlar. Bir gün ondan: "Sən daha böyüksən, yoxsa Allahın Rəsulu?" deyə soruşulduqda, belə cavab vermişdi: "O, məndən böyükdür, amma mən ondan əvvəl doğulmuşam". Bu cümlədən görünür ki, Abbas hörmət məqsədi ilə Peyğəmbəri (s) özündən böyük adlandırır, daha doğrusu, o həzrəti özündən kiçik saymağı ədəbsizlik kimi qəbul edirdi. Peyğəmbərin (s) əmiləri arasında ən gec vəfat edən də Abbasdır.

Abdullah ibn Abbasın anası Ümmül-fəzl künyəli Lübabə bint Haris adlı qadın olmuşdur. Lübabə böyük ərəb qəbilələrindən olan Həvazin qəbiləsinə mənsub idi. Həvazin ilə Qüreyş tayfasının soykökləri Həzrət İsmayıl Peyğəmbərin (ə) nəslindən olan Müzərdə birləşirdi. (Müzər Həzrət Mühəmməd Peyğəmbərin (s) 17-ci nəsildən ulu əcdadı sayılır).

Abdullah ibn Abbas ana tərəfdən digər vasitələrlə də Peyğəmbərə (s) və digər məşhur səhabələrə qohum olmuşdur. Belə ki, Lübabənin atabir bacısı Meymunə bint Haris sonralar Həzrət Mühəmməd Peyğəmbərin (s) izdivacına daxil olmuşdu. Onun anabir, amma ataayrı bacısı Zeynəb bint Xüzeymə də Peyğəmbərin (s) həyat yoldaşlarından biri olmaq şərəfini qazanmışdı. Beləliklə, Abbas İslam Peyğəmbərinin həm əmisinin oğlu, həm də baldızının oğlu sayılırdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, Lübabənin özündən kiçik eyniadlı daha bir bacısı vardı. Onları fərqləndirmək üçün İbn Abbasın anasına Lübabət əl-kübra (böyük Lübabə), bacısına isə Lübabət əl-suğra (kiçik Lübabə) deyirlər. Lübabət əl-suğra müsəlmanların Ühüd savaşındakı məğlubiyyətinin səbəbkarlarından biri olmuş, sonralar İslamı qəbul edib sərkərdə kimi tanınmış Xalid ibn Vəlidin anasıdır. Beləliklə, Abdullah ibn Abbasla Xalid ibn Vəlid xalaoğlu idilər.

İbn Abbasın anası Lübabənin daha iki bacısı da məşhur səhabələrin həyat yoldaşları olmuşdur. Belə ki, onun anabir bacılarından biri Əsma bint Ümeys əvvəlcə Əbubəkrə ərə getmiş, onun vəfatından sonra Cəfəri-təyyarın (İmam Əlinin (ə) qardaşının) həyat yoldaşı olmuş, onun da şəhadətindən sonra İmam Əli (ə) ilə ailə qurmuşdu. Daha bir bacısı Səlma bint Ümeys isə Ühüd şəhidi Həmzə ibn Əbdülmüttəlibin (Peyğəmbərin (s) əmisinin) arvadı idi.

Abdullah ibn Abbasın künyəsi Əbul-Abbas, məşhur ləqəbləri "hibr əl-ümmə", yəni ümmətin alimi və "bəhr"dir (dəniz; elminin dərinliyinə görə ona bu ləqəb verilmişdi). Ərəblər yəhudi alimlərinə, yəni Tövratın üzünü köçürən və şərh edən ilahiyyatçılara "hibr" (və ya "həbr") deyirdilər, bunun cəm şəkli "əhbar"dır (əvvəl yəhudi dinində olub, sonra İslamı qəbul etmiş səhabə Kəbül-əhbarı yada salaq). Yəhudi alimlərinin Tövrata qarşı diqqətcilliyi və özünü elmə həsr etmələri bu adın müsəlmanlar arasında mənfi yox, məhz müsbət mənada işlənməsinə səbəb olmuşdu. Bunu da nəzərdən qaçırmayaq ki, dini kitablarda ad çəkilmədən yalnız "İbn Abbas" yazıldığı zaman məhz Abdullah ibn Abbas nəzərdə tutulur.

Milli.Az