Hikmət Babaoğlu: "Hazırlanan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb"

4 Aprel 2020 14:07

"Azərbaycan dövləti koronavirus təhlükəsini azaltmaq üçün kompleks tədbirlər həyata keçirir. İqtisadi blokda həyata keçirilən tədbirlər də bura daxildir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, koronavirus sosial sferada ciddi fəsadlar yaratdığı qədər, iqtisadi sektorda da böyük zərərlərə yol açır:

"Bu istiqamətdə önə çıxan əsas problemlərdən biri də sosial təminatı zəif olan təbəqənin və sahibkarlığın dəstəklənməsi məsələsidir. Hazırda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb. Buraya sahibkarlığın dəstəklənməsindən başlayaraq, vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin kommunal limitlərinin artırılması və. s kimi bütöv bir paket daxildir".

H.Babaoğlu qeyd edib ki, hazırlanan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb:

"Paketin icrası nəticəsində 300 mindən çox işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək. Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Həyata keçirilən bu tədbirlər şübhəsiz ki, ölkəmizdə iqtisadi dinamizmin təmin edilməsinə yardımçı olacaq və vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum azaldılmasına xidmət edəcək".

Deputat burada vətəndaş məsuliyyətinin də vacib olduğunu diqqətə çatdırıb:

"Azərbaycan koronavirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilməkdədir. Dövlət koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib. Vətəndaş məsuliyyətinin istənilən səviyyədə olmadığı təqdirdə effektiv nəticədən danışmaq üçün tezdir".

Milli.Az