Yaponiyanın Baş Naziri hər bir ailəyə parçadan hazırlanmış tibbi maskaların göndərilməsini planlaşdırır

3 Aprel 2020 08:06

Yaponiyanın Baş Naziri koronavirusun yayılması ilə bağlı ölkədə yaranmış tibbi maska çatışmazlığını aradan qaldırmaq üçün hər bir ailə təsərrüfatına parçadan hazırlanmış maskaların göndərilməsini planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə o, aprelin 2-də koronavirusa qarşı mübarizə üzrə işçi qrupun iclası zamanı bəyan edib. Ş.Abe bildirib ki, Yaponiyada koronavirusa yoluxanların sayı xüsusən şəhər yerlərində sürətlə artır.

Baş Nazir bildirib ki, Yaponiyada virusa yoluxanların sayı digər ölkələrlə müqayisədə o qədər yüksək olmasa da, ölkənin bir sıra regionlarının səhiyyə sistemi artıq həddindən çox yüklənib.

Ölkədə tibbi maskalara tələbatın kəskin artdığını qeyd edən Ş.Abe bu çatışmazlığı aradan qaldırmaq üçün parçadan hazırlanan maskalara üstünlük verməyə çağırıb. Belə ki, həmin maskalar yuyulduqdan sonra təkrar istifadə üçün yararlı olur.

Baş Nazir, həmçinin poçt vasitəsilə hər bir ailənin ünvanına iki ədəd parçadan hazırlanan maskanın göndərilməsi planını da açıqlayıb. Bildirib ki, həmin plan cari ayın sonundan başlayaraq, vəziyyətin daha ağır olduğu prefekturalar üzrə həyata keçiriləcək.

Ş.Abe əlavə edib ki, bununla əlaqədar xərclər cari maliyyə ilinin əlavə xərclər büdcəsinə daxil ediləcək.

Milli.Az