Məleykə Əsədova: Özünüzü və xalqımızı qorumaq üçün bu günlərdə evdə qalın - VİDEO

2 Aprel 2020 20:56

Özünüzü və xalqımızı qorumaq üçün bu günlərdə evdə qalın.

Milli.Az bildirir ki, bunu Trend-ə Xalq artisti Məleykə Əsədova deyib.

O bildirib ki, ölkədə koronavirusdan qorunmaq üçün tətbiq edilən xüsusi karantin rejiminə hər kəs əməl etməli və evdən çıxmamalıdır:

"Mən də bu günlərdə özümü və yaxınlarımı qorumaq üçün evdəyəm. Azərbaycan dövləti, dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bizə bununla bağlı müraciətlər ediblər. Biz özümüzü, ailə üzvlərimizi, qohumlarımızı, tanışlarımızı, bir sözlə xalqımızı düşünməliyik. Bunun üçün isə evdə qalmalıyıq. Əgər evdə qalsaq, bu virusa qalib gələcəyik. Mən bütün vətəndaşlarımızı evdə qalmağa çağırıram".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Milli.Az