Metrostansiyalar istiqamətində ekspress marşrut xətləri təşkil edilib

26 Mart 2020 16:00

Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar ondan istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir ki, bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli AzTV-nin "Hədəf" verilişinə müsahibəsində deyib. V. Kərimli vurğulayıb ki, metrostansiyalar istiqamətində ekspress marşrut xətti təşkil edilib:

"Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar bütün dayanacaqlarda dayanmır. Əsasən metrostansiyaların yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur. Səhər saat 6-dan axşam saat 10-a kimi işləyir. Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik.

Məlumatlar gəlir ki, bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı bir halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir. Vətəndaş maksimum dərəcədə Qərargahın qərarlarını icra etmək məcburiyyətindədir. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda, həm ictimai nəqliyyatda, həm də küçələrdə, parklarda gəzməyək".

Milli.Az